Məhkəmə qərarları › İş №3(007)-3082/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3082/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3082/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X4 iclas katibliyi, şikayətçi – X5 iştirakı ilə, X5 Azərbaycan Respublikası DİN Bakı şəhər X12 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər X12 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən X6 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, idarə etdiyi ** UA *** dövlət nömrə nişanlı avtomobillə 16 iyun 2025-ci il tarixdə Qara Qarayev prospektindən Bəhruz Nuriyev küçəsinə dönmək üçün svetaforun yaşıl işığında yavaş-yavaş hərəkətə başlayıb Bəhruz Nuriyev küçəsi ilə hərəkət edən maşınları buraxmaqla keçmək istəmiş, bu vaxt avtomobillərdən biri Bəhruz Nuriyev küçəsindən Qara Qarayev prospektinə dönmək istəmişdir. O, dərhal maşını saxlamış, bu vaxt həmin maşın da saxlamışdır. Hər ikisi dayanmış, həmin maşının sürücüsü ona “keç” deyəndən sonra keçmişdir. Həmin yol ayrıcında 100-150 metr aralandıqdan sonra arxadan polis avtomobili işıqlarını yandırıbsöndürdüyünü görmüş və ona görə sağ tərəfə çıxıb maşını saxlamışdır. X10 kimi təqdim edən yol polisi ona bildirmişdir ki, “sən qaydaları pozmusan, 100 manat və 3 bal cərimə olunmalısan”. O razılaşmamış, polis nəfəri isə bildirmişdir ki, razılaşmırsa, ona qərarsız qrotokol yazacaq, gedib baş idarədə baxarlar. Protokolu yazmış, o da e-polis.az saytında protokoldan şikayət yazmışdır. Şikayətinə cavab olaraq elə həmin saytda bildirmişlər ki, şikayətini icraya yönləndirilib. Lakin onunla heç bir müzakirə aparılmadan bu protokola aid TP ******* saylı qərarın xx.xx.2025-ci il tarixdə qüvvəyə mindiyi haqqında bildiriş almışdır. Qeyd olunanlara əsaslanaraq 16 iyun 2025-ci il tarixli, İXP ******* saylı protokola aid TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, o, 16 iyun 2025-ci il tarixdə Qara Qarayev prospektindən Bəhruz Nuriyev küçəsinə dönmək üçün svetaforun yaşıl işığında yavaş-yavaş hərəkətə başlayıb Bəhruz Nuriyev küçəsi ilə hərəkət edən maşınları buraxmaqla keçmək istəmiş, bu vaxt maşınlardan biri Bəhruz Nuriyev küçəsindən Qara Qarayev prospektinə dönmək istəmiş, bunu gördükdə o, dərhal maşını saxlamış, həmin sürücü də maşını saxlamış, bu zaman üstünlük həmin maşında olmuş, lakin həmin maşının sürücüsü ona keçmək üçün icazə verdiyi üçün o keçmişdir. O, heç bir qayda pozuntusuna yol verməmişdir. Qeyd olunanları nəzərə alaraq, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.Həmçinin bildirmişdir ki, o, yolayrıcına daxil olduqda onun sol tərəfindən bir avtomobil gələrək dayanmış və ona işarə verərək getməyini bildirmiş o isə bunu görüb hərəkətini davam etdirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərara əsasən X6 xx.xx.2025-ci il tarixdə, saat 15:08-də idarə etdiyi **-UA-*** dövlət qeydiyyat nişanlı “Mercedes C240” minik markalı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında yolayrıcını keçmə qaydalarının pozulmasına görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 40cı hissəsinə əsasən üstünlük – nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin X hissəsinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin İV hissəsinə əsasən svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü svetoforun siqnalını əsas tutmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin V hissəsinə əsasən svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X6 xx.xx.2025-ci il tarixdə, saat 15:08-də ünvan 1 ünvanında yolayrıcını keçmə qaydalarını pozmuş, qəza şəraiti yaratmışdır. Belə ki, X2 yaşıl işığı, yəni icazə siqnalı yanmış olsa belə, yolayrıcında hərəkətini başa çatdırmaqda olan, həmin yolayrıcında üstünlük hüququna malik olan digər nəqliyyat vasitəsinə yol verməli idi. Bu səbəbdən X6 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi özünün izahatı, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar