Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-309/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ (Şəxs barəsində inzibati xəta haqqında materiala dair) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsində böyük referent vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi:
1. 09 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-266/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 80130.09 manat borcunu X2 ödəməmişdir.
Proses iştirakçılarının çıxışları:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X6 protokolun məzmununa uyğun izahat verdi və borclu ödənişi tam etmədiyi və qətnamənin icrasından yayındığı üçün qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etdi.
3. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, Şəxs borcunu ödəmir, qətnamənin icrasından yayınır. 80130.09 manat borcdan cəmi 1500 manat ödəniş edib. Bu səbəbdən qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, imkanı olmadığından borcunu ödəyə bilmir. Başqa borclular da var. Onlara olan borcunu demək olar ki, ödəyib az qalıb. Gücü çatan qədər Ramiz müəllimin borcunu ödəyəcək. Əslində Ramiz müəllimə borcu çox idi evini satıb bir qismini ödəyib. 2 uşağı var əri fəhlədi, kirayədə qalırlar. Buna baxmayaraq ən qısa zamanda ödənişi edəcək. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi.
İş materialları:
5. 09 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-266/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 80130.09 manat borcunu X2 ödəməmişdir.
6. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-266/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinin surətindən görünür ki, cavabdeh Şəxs 80,000 (səksən min) manat, hüquqi yardıma görə çəkilən xərcin əvəzi olaraq 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 330.9 manat (üç yüz otuz manat doxsan qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir.
7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 3(002)-1684/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Konstitusiyasının:
129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
9. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:
3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
10. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun:
5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
11. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:
3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Məhkəmənin mövqeyi:
12. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir.
13. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.
14. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
15. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir.
16. Məhkəmə iclasında müəyyən olundu ki, borclu borcunu tam ödəməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs 80130.09 manat borcundan cəmi 1500 manat ödəniş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, qətnamə onun tərəfindən tam şəkildə icra edilməlidir.
17. Beləliklə, məhkəmə qeyd olunan halları, həmçinin Azərbaycan Respublikası İXMnin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir.
18. Məhkəmə nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır.
19. İş materiallarından görünür ki, Şəxs hazırki iş üzrə tutulmamışdır.
Nəticə:
20. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (bir min manat) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir.
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı:
Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (bir min manat) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova