Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-31/2024 09.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X2 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində Azərbaycan Yerüstü Nəqliyyat X3 sədr müavini Natiq Dadaşov tərəfindən xx.xx.2021-ci il tarixli, BNA seriyalı, ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmiş, həmin qərar üzrə Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Yerüstü Nəqliyyat X3 sədr müavini Natiq Dadaşov tərəfindən onun barəsində qərar qəbul edilməsinin səbəbi kimi guya “Mercedes Benz E220” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozmağı göstərilmişdir. Azərbaycan Yerüstü Nəqliyyat X3 sədr müavini Natiq Dadaşov tərəfindən idarə etdiyi avtomobili ilə həmin tarixdə onun tərəfindən dayanma və ya durma qaydalarının pozulması göstərilməklə inzibati xəta kimi qiymətləndirilməsi qanunsuz olmaqla, əsassızdır. Belə ki, onun idarə etdiyi “Mercedes Benz E220” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəbul edilmiş həmin qərarda göstərilən tarixdə dayanma və ya durma qaydalarının pozulmasını təsdiq edən hər hansı bir sübut yoxdur. Göründüyü kimi onun idarə etdiyi avtomobillə dayanma və ya durma qaydalarının pozulması barədə Azərbaycan Yerüstü Nəqliyyat X3 sədr müavini Natiq Dadaşov tərəfindən xx.xx.2021-ci il tarixli, BNA seriyalı, ******* saylı inzibati xəta haqqında qərarda gəlinmiş nəticə tamamilə qanunsuz və əsassız olmaqla həmin faktın mövcudluğunu təsdiq edən sübut qərara əlavə edilməmişdir. Azərbaycan Yerüstü Nəqliyyat X3 sədr müavini Natiq Dadaşov tərəfindən onun Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli olması barədə gəlinmiş qənaət yanlışdır və o, inzibati xəta hadisəsi törətməmişdir. Azərbaycan Yerüstü Nəqliyyat X3 sədr müavini Natiq Dadaşov tərəfindən heç bir araşdırma aparılmamış və heç bir əsaslı səbəb olmadan onu təqsirli bilmişdir. Belə olan halda onun Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinməsi qanunsuzdur. Azərbaycan Yerüstü Nəqliyyat X3 sədr müavini Natiq Dadaşov tərəfindən ətraflı araşdırma aparılmamış və formal olaraq onun təqsirli olması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması öz təsdiqini tapmamışdır. Belə olan halda, onun barəsində qanunsuz və əsassız olaraq inzibati xəta haqqında qərar qəbul edilmiş və o, cərimə edilmişdir. Buna görə də hazırda o, məhkəməyə müraciət etmişdir. Onun tərəfindən inzibati xəta hadisəsi törədilmədiyi halda, barəsində inzibati tənbeh tətbiq etmə barədə qəbul edilmiş qərar işin faktiki hallarından göründüyü kimi və qanunvericiliyin normaları nəzərə alınmaqla əsassız və qanunsuz olaraq qəbul edildiyindən Azərbaycan Yerüstü Nəqliyyat X3 sədr müavini Natiq Dadaşov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, BNA seriyalı, ******* saylı inzibati xəta haqqında qərar ləğv edilməli və onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində şikayət verdiyi qərar onun müraciətindən sonra xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ona təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X6 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, atası, anası və qardaşı Xocalıda şəhid olmuşlar. Məhkəmədən Azərbaycan Yerüstü Nəqliyyat X3 sədr müavini Natiq Dadaşov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, BNA seriyalı, ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X5 gəlməmiş, şikayətə dair məhkəməyə öz etirazını göndərmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətə dair etiraz onunla əsaslandırılmışdır ki, şəxs şikayət vermək müddətini ötürülməklə şikayət vermişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. BNA Web saytından çıxarışdan da göründüyü kimi BNA ******* nömrəli qərar barəsində şəxsin mobil telefon nömrəsinə SMS məlumat 2021-ci ildə göndərilmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan tərəfindən bərpa edilir. Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın (X1 şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarı). Həmçinin diqqətə alınmalıdır ki, müddət institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərmək və s. baxımından əhəmiyyətlidir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Yerüstü Nəqliyyat X3 sədr müavini N.Dadaşov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Samsung” markalı, SM-T395NZKABT1 modelli planşetin (bort kompüterin) qeydə aldığı fotoşəkilə əsasən Bakı şəhəri, Heydər Əliyev prospekti 239-245 ünvanında xx.xx.2021-ci il tarixdə saat 08:55:19da dayanma-durma qaydalarını pozduğuna görə ”Mercedes Benz E220” minik markalı, **- RN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X6 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri”ni tənzimləyən İXM-nin 16-cı fəslində, həmin işlərə baxılmasını biri-birindən fərqləndirən aşağıdakı 2 qaydası müəyyən edilmişdir: Bunlardan birincisi 122-ci maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası; İkincisi isə 124-cü maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasıdır. Törədilərkən elektron sənəd şəklində qərar qəbul edilməsi mümkün olan inzibati xətalara dair maddələri müəyyən edən, yəni inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası”ndan bəhs edən Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasından bəhs edən İXM-nin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. İş materiallarından görünür ki, X6 tərəfindən törədilməsi ehtimal edilən, Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə (bort kompüter) aşkar edilmişdir. Lakin Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsində həmin Məcəllənin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamış, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməmişdir. Belə olduğu təqdirdə şikayətçinin iş materiallarına əlavə etdiyi inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, həmin qərarda qeyd edilən İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Həmin inzibati xətalar bilavasitə aşkar edilməmişdir, yəni qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla, həmin inzibati xətanı yerində aşkar etməmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda, X2 əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir. Qeyd olunanlardan başqa məhkəmə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsinin verdiyi etirazda göstərdiyi inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin ötürülməsinə dair xüsusatla bağlı qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)-31/2024 saylı qərardadı ilə X2 vəsatətinə əsasən xx.xx.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddəti bərpa edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-31/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-31/2024
09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver