Məhkəmə qərarları › İş №3(007)-310/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-310/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-310/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X4 iclas katibliyi ilə, Şikayətçi – X3 və Bakı şəhər DYPİ-nin nümayəndəsi X5 iştirakları ilə, X3 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərara əsasən X6 İXMnin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 23:11 radələrində Bakı şəhəri, Nizami rayonu, Şövkət Məmmədova küçəsinə dönmə əməliyyatı edərkən polis əməkdaşı tərəfindən saxlanılmış, sola dönmə əməliyyatını yolun sol hərəkət zolağından etməli olduğu halda, ikinci zolaqdan etdiyini bildirilərək barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmiş və 100 manat məbləğində cərimə edilmişdir. O, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarla tanış olarkən başqa əsasla, yəni yolayrıcı keçmə qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb olunduğunu öyrənmişdir. Verilmiş suallara cavab olaraq törətdiyi inzibati xətanı etiraf edərək, üstünlük hüququnun qarşıdan gələn nəqliyyat vasitələrində olduğundan məlumatlı olduğunu bildirmişdir. Qərardan şikayət verməsinə əsas səbəb isə polis inspektoru tərəfindən saxlanılan zaman qərarda qeyd olunan deyil, başqa qayda pozuntusuna yol verdiyini bildirməsi olmuşdur. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət verilmiş orqanın nümayəndəsi X8 məhkəmə iclasında çıxış edərək sürücü tərəfindən yolayrıcı keçmə qaydalarına riaət etmədiyinə görə məsuliyyətə cəlb olunduğunu, qeyd olunan pozuntunun məhkəməyə təqdim olunmuş videomaterial ilə təsdiq olunduğunu qeyd edərək şikayətin təmin olunmamasını və qərarın qüvvədə saxlanılmasının məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarına əsasən X6 xx.xx.2024-cü il tarixdə saat 23:11 radələrində “BMW 530i” minik markalı 99RO530 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Şövkət Məmmədova küçəsinə dönmə əməliyyatı edərkən yolayrıcı keçmə qaydalarını pozduğuna görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərar, məhkəmə iclası zamanı tədqiq edilmiş videomaterial və proses iştirakçılarının verdiyi ifadələrlə şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı təqdim edilmiş videomateriala baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta həqiqətən törədilmişdir. Belə ki, sürücü Şövkət Məmmədova küçəsindən sola dönmə əməliyyatı edərkən üstünlük hüququ sağa dönən qarşıdan gələn nəqliyyat vasitələrində olduğu halda, onlara yol vermədən sola dönərək hərəkətinə davam etmişdir. Beləliklə, sürücü Y.Mirabdullayev tərəfindən qeyd olunan qayda pozuntusuna yol verilməsi videomaterialda öz təsdiqini tapmışdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar