Məhkəmə qərarları › İş №3(007)-3100/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3100/2022

20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3100/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı Metropolitenində Polis Şöbəsinin İTB-nin baş inspektoru polis polkovnikleytenantı X1, zərərçəkmiş şəxs Məmmədxanov Zakir Oktay oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs, barəsində Bakı Metropolitenində Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı Metropolitenində Polis Şöbəsinin baş təhqiqatçısı polis mayoru X2 tərəfindən qəbul edilmiş 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Məmmədxanov Zakir Oktay oğlunun sosial şəbəkədə tanış olduğu şəxsdən mənzil kirayələmək adı ilə həmin şəxsin hesabına metronun “Koroğlu” stansiyasında milliön terminalı vasitəsi ilə 100 manat ödəniş etməsinə baxmayaraq həmin şəxsin verdiyi vədə əməl etməyib onu aldatması barədə DİN-nin 102 xidmətinə etdiyi müraciət əsasında toplanmış materila üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı Metropolitenində Polis Şöbəsinin İTB-nin baş inspektoru polis polkovnikleytenantı X3 tərəfindən, Şəxs xx.xx.2022-ci il tarixdə Məmmədxanov Zakir Oktay oğlunu ev kirayə vermək adı ilə aldadaraq 100 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 20 dekabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə iclasında Bakı Metropolitenində Polis Şöbəsinin İTB-nin baş inspektoru polis polkovnik-leytenantı X3 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Məmmədxanov Zakir Oktay oğlunu ev kirayə vermək adı ilə aldadaraq 100 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Faktla bağlı Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Məmmədxanov Zakir Oktay oğlu izahatında göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə ev kirayə vermək adı ilə onu aldadaraq 100 manat pulunu ələ keçirmişdir. Şəxs ona dəymiş ziyan ödəmiş və onlar barışmışlar. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Məmmədxanov Zakir Oktay oğlunu ev kirayə vermək adı ilə aldadaraq 100 manat pulunu ələ keçirmişdir. Lakin, sonuncuya dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışmasının nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir İnzibati işə əlavə olunmuş ərizələrdən görünür ki, Şəxs zərərçəkmiş şəxs Məmmədxanov Zakir Oktay oğluna dəymiş ziyan ödəmiş və sonuncu ilə barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində tərtib olunmuş 20 dekabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar