Məhkəmə qərarları › İş №3(007)-3105/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3105/2022

20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3105/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1997-ci ildə Cəbrayıl rayonu, Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Həsənli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 19 dekabr 2022-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Nizami rayonu, M.H.Kazımov küçəsində, ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, əməlindən səmimi peşman olduğunu, spirtli içkinin təsiri altında olduğu etdiyi əməlini dərk etmədiyini bildirdi və barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X2 məhkəmədə göstərdi ki, 19 dekabr 2022-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Nizami rayonu, M.H.Kazımov küçəsində yerləşən “Monte Karlo” şadlıq evinin qarşısında bir qrup şəxsin toplaşaraq, ucadan nalayiq ifadələr işlətmələri barədə daxil olmuş məlumat əsasında hadisə yerinə yaxınlaşmışlar. Orada olarkən, həmin şəxslərdən kəskin spirt iyi gəlmiş və onlara mübahisəyə son qoymaları bildirilmişdir. Bu zaman həmin şəxslər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək oradan getmələrini bildirmişlər. Onlar dəfələrlə həmin şəxsləri ictimai qaydalara riayət etməyə dəvət etsələr də, həmin şəxslər buna məhəl qoymamışlar. Bundan sonra, onlar həmin şəxsləri polis bölməsinə aparmaq istədikdə sonuncular hadisə yerindən qaçmaq istəmiş, polis qanuni tələblərinə tabe olmamışlar, polis bölməsinə aparıldıqdan sonra isə bölmədə öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Bundan sonra, o, portal vasitəsilə həmin şəxslərin şəxsiyyətlərini müəyyən etmiş və Şəxs və digər şəxslər barəsində protokol tərtib etmişdir. Şahid Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməliyyat müvəkkili X3 məhkəmədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, oxşar məzmunlu ifadə verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə iş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İnzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini və inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini məhkəmə iş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxsa cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa iş materiallarında olan 20 dekabr 2022-ci il tarixli tutma protokolundan görünür ki, məhkəmədən qaçıb gizlənməsinin qarşısını almaq məqsədilə Şəxs həmin tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X2 tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun inzibati qaydada tutulduğu vaxtdan, yəni 20 dekabr 2022-ci il, saat 10:15-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu 20 dekabr 2022-ci il, saat 10:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar