Məhkəmə qərarları › İş №3(007)-3110/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3110/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3110/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2 və təsisçisi X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus iaşə obyektinin fəaliyyəti zamanı atmosfer havasına yol verilən normativlərdən artıq miqdarda zərərli maddələr atılmış və qaz-toz tutucu qurğu quraşdırılmamışdır. Bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X7 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi-məsləhətçi müfəttiş X7 izahat verərək bildirmişdir ki, “Ətraf mühitin mühafizəsi haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsi vəziyyətinə nəzarət edilməsi məqsədilə onun, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Hikmət Məhərrəmovun və X9 Monitorinq İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə Bakı şəhəri, Nizami rayonu ərazisində mütəmadi olaraq monitorinq və nəzarət tədbirləri həyata keçirilmişdir. Tədbirin məqsədi rayon ərazisində fəaliyyət göstərən şadlıq sarayları və ictimai iaşə obyektlərində atmosferə atılan zərərli qaz qarışıqlarının miqdarının ölçülməsindən ibarət olmuşdur. İdarənin müvafiq sərəncamına əsasən xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov 24A ünvanında yerləşən Şəxs iaşə obyektində atmosferə atılan tullantıların təmizlənərək atılması ilə əlaqədar monitorinq keçirilmişdir. X9 Monitorinq İdarəsinin əməkdaşları və restoranın nümayəndəsi Muxtarov Elşadın iştirakı ilə birgə iaşə obyektində atmosferə atılan zərərli qaz qarışıqlarının miqdarının müəyyən edilməsi üçün “Ankat 64M3-04” cihazı vasitəsi ilə analiz-ölçmə işləri aparılmışdır. Ölçmə zamanı atmosferə atılan tullantıların miqdarı 7,8 mq/m3 təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu müəyyən olunmuşdur. Araşdırma zamanı Şəxs iaşə obyektinin tüstü bacasında atmosferə atılan tullantıların təmizlənməsi üçün qurğunun quraşdırılmadığı aşkar olunmuşdur. Araşdırmada iaşə obyektinin rəhbərinin X6 olduğu müəyyən olunmuşdur. Araşdırma nəticəsində xx.xx.2024-cü il tarixli, 85227 nömrəli akt tərtib olunmuş və həmin akt əsasında Şəxs MMC barəsində xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokol əsaslıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X6 bildirmişdir ki, Şəxs MMC-yə məxsus iaşə obyekti 29 aprel 2024-cü il tarixdə fəaliyyətə başlamışdır. Yeni fəaliyyətə başladıqları üçün monitorinqin keçirildiyi gün obyektə lazım olan avadanlıqların hamısı quraşdırılmamışdır. Belə ki, qaz-toz tutucu qurğu sifariş verilsə də, iaşə obyekti fəaliyyətə başlayana qədər sifariş verdikləri şirkət tərəfindən həmin qurğunu gətirib quraşdırılması gecikdirilmişdir. İaşə obyekti “Pub” kimi fəaliyyət göstərir və bir manqaldan istifadə olunur. Buna görə də, atmosferə atılan tullantılarda dəm qazının miqdarının 7,8 mq/m3 olması şübhə doğurur. Monitorinqin keçirildiyi gün kabab sifariş verilməmişdir, yəni manqalda kabab olmamışdır, manqalın kənarında olan karton manqala düşdüyündən tüstü çox olmuşdur. May ayının sonunda iaşə obyektində qaz-toz tutucu qurğu quraşdırılmışdır. Hesab edir ki, iaşə obyekti yeni fəaliyyət göstərdiyindən güzəşt olunmalıdır. Məhkəmədən yenidən monitorinq keçirilməsi, ətraflı araşdırma aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təsisçisi X3 direktor X6 ilə oxşar məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Monitorinq İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 001931 saylı aktdan görünür ki, X4 Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunun icrası ilə əlaqədar Nizami rayonu ərazisində fəaliyyət göstərən “X13 Ares Pub” iaşə obyektinin ətraf ərazisində XKEMİ-nin baş mühəndisi Rüstəm Əsgərovun, aparıcı mühəndisi Natiq Rəsulovun, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Sabir Sabirlinin və iaşə obyektinin nümayəndəsi Muxtarov Elşadın iştirakı ilə sabit hava şəraitində saat 19:50-dən 20:50-dək keçirilmiş monitorinq zamanı məlum olmüşdur ki, “X13 Ares Pub” iaşə obyektində qaz-toz tutucu qurğu quraşdırılmamışdır. Monitorinq ölçmə işləri iaşə obyektinin fəaliyyəti zamanı tüstü bacasının yaxınlığında və qarşısında təxminən 5-7 metr məsafədə “Ankat” səyyar cihazı vasitəsi ilə aparılmış, ölçmə nəticəsinə görə həmin ərazidə CO (dəm qazı) - 7.8 mq/m3 (norma-5.0 mq/m3) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən normadan artıqdır. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 85227 saylı aktdan görünür ki, “Ətraf mühitin mühafizəsi haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsi vəziyyətinə nəzarət edilməsi məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Sabir Sabirlinin, Hikmət Məhərrəmovun və X9 Monitorinq İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə Nizami rayonu ərazisində mütəmadi olaraq monitorinq və nəzarət tədbirləri həyata keçirilmişdir. Tədbirin məqsədi rayon ərazisində fəaliyyət göstərən şadlıq sarayları və ictimai iaşə obyektlərində atmosferə atılan zərərli qaz qarışıqlarının miqdarının ölçülməsindən ibarətdir. İdarənin müvafiq sərəncamına əsasən xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov 24A ünvanında yerləşən “X13 Ares” iaşə obyektində atmosferə atılan tullantıların təmizlənərək atılması ilə əlaqədar monitorinq keçirilmişdir. XKEMİ-nin əməkdaşları və restoranın nümayəndəsi Muxtarov Elşadın iştirakı ilə birgə iaşə obyektində olan manqaldan atmosferə atılan tullantıların\ “Ankat 64M3-04” cihazı vasitəsi ilə analiz-ölçmə işləri aparılmışdır. Ölçmə zamanı atmosferə atılan tullantılar CO (dəm qazı) -7.8 mq/m3 (norma-5.0 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu müəyyən olunmuşdur. Araşdırma zamanı “X13 Ares” iaşə obyektinin tüstü bacasında atmosferə atılan tullantıların təmizlənməsi üçün qurğunun quraşdırılmadığı aşkar olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 237.1-ci maddəsinə əsasən yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən əhalinin sağlamlığının, bitki və heyvanlar aləminin mühafizəsi, onların genetik fondunun qorunması məqsədilə, atmosferi, suyu, torpağı və yerin təkini çirkləndirən potensial təhlükəli kimyəvi və bioloji maddələrin yol verilə bilən miqdarının normativləri müəyyən edilir. Müvafiq ərazilərdə bütün çirklənmə mənbələrinin əhalinin sağlamlığına, bitki və heyvanlar aləminə təsiri nəzərə alınmaqla ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan, axıdılan və basdırılan zərərli maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilir. Əhalinin sağlamlığın və əmək qabiliyyətinin qorunması, bitki və heyvanlar aləmi üçün əlverişli olan ətraf mühitin mühafizəsi məqsədilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədləri normativləri müəyyən edilir. Həmin Qanunun 41-ci maddəsinə əsasən müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə əsasən atmosfer havasına zərərli təsir edə bilən yeni texnikanın, texnologiyanın, materialların və digər məhsulların istifadəsi nəticəsində vurula biləcək ziyanın qarşısının alınması məqsədilə atmosfer havasının mühafizəsinə dair aşağıdakı tələblər müəyyən edilir: atmosfer havasının mühafizəsinə dair qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən yeni texnikanın, texnologiyanın, avadanlıqların, texniki vasitələrin, materialların, məmulatların, digər məhsulların tətbiqi və istifadə edilməsi qadağandır: qanunvericiliklə müəyyən edilən istismar müddəti keçmiş atmosfer havasını keyfiyyətinə zərərli təsir göstərən nəqliyyat, digər səyyar vasitələri və avadanlıqlarının, onların ehtiyat hissələrinin ölkə ərazisinə gətirilməsi qadağandır; İnsanın sağlamlığı və həyatı, ətraf mühit üçün təhlükə dərəcəsi müəyyən edilməmiş maddələrin atmosfer havasına atılması qadağandır; Azərbaycan Respublikasının ərazisində yanacaq istehsalına, idxalına və istifadəsinə yalnız onların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlar olduqda yol verilir; Azərbaycan Respublikasının ərazisində texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrinin, avadanlıqların və onların ehtiyat hissələrinin istehsalına, idxalına, istismarına yalnız onların istifadəsi zamanı zərərli maddələrin kütləsinin atılmanın texniki normativlərinə uyğunluğunu təsdiq edən sertifikatlar olduqda yol verilir; texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin istifadəsi zamanı zərərli maddələrin kütləsinin atılmanın texniki normativlərə uyğunluğunu təsdiq edən sertifikatlar, habelə yanacaqın atmosfer havasının mühafizəsinə dair tələblərə uyğunluğunu təsdiq edən sertifikatlar qanunvericiliklə müəyyən edilmiş qaydada verilir; müvafiq icra hakimiyyəti orqanı işlədilməsi nəticəsində atmosfer havasını çirkləndirən neft və təbii qaz məhsullarının, başqa yanacaq növlərinin istifadəsini məhdudlaşdıra bilər, habelə ekoloji cəhətdən təhlükəsiz yanacaq növlərinin və digər enerji daşıyıcılarının istehsalını və istifadəsini stimullaşdırır. Atmosfer havasının vəziyyətinin və atmosfer proseslərinin dəyişməsinə yönələn fəaliyyət yalnız müvafiq icra hakimiyyəti orqanının verildiyi xüsusi icazə əsasında bu fəaliyyətin insanın sağlamlığı və həyatı, ətraf mühit üçün zərərli nəticələri olmadıqda həyata keçirilə bilər. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus iaşə obyektinin fəaliyyəti zamanı atmosferə atılan tullantılar CO (dəm qazı) -7,8 mq/m3 (norma-5.0 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olmuş və həmin iaşə obyektində qaz-toz tutucu qurğu quraşdırılmamışdır. Beləliklə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və X9 Monitorinq İdarəsi tərəfindən tərtib edilmiş aktlarla, onlara əlavə edilmiş fotoşəkillərlə və digər sənədlərlə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 233.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən 10500 (on min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar