Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3117/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, 12 aprel 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki 12 dekabr 2022-ci il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Həmin protokola dair material daha əvvəl Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatına daxil olmuş, işə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərmişdir ki, onun adına sürücülük vəsiqəsi olsa da, nə mülkiyyətində, nə də istifadəsində heç vaxt nəqliyyat vasitəsi olmamışdır. İşdə onun adında olan nəqliyyat vasitəsi kimi göstərilmiş “Chevrolet Cruze minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona aidiyyəti yoxdur, belə avtomobili olmamışdır, Nizami rayonunda isə yaşamamışdır. Şəxs izahatında göstərilənlərlə bağlı “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yoxlama zamanı həmin şəxsin mülkiyyətində, istifadəsində və sərəncamında yol nəqliyyat vasitələri aşkar edilməmişdir. Araşdırma zamanı Şəxs inzibati qaydada tənbeh edilməsinə əsas olmuş elektron qərarda qeyd olunan həmin şəxsin mülkiyyətində, istifadəsində və sərəncamında olması öz təsdiqini tapmamışdır, onun “Chevrolet Cruze minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə 12 dekabr 2022-ci il tarixdə saat 18:32-də inzibati xətanı törətməsi şübhə altına düşmüşdür. Hansı ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin imperativ tələbinə görə, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübutetmə vəzifəsi bilavasitə inzibati orqanın üzərindədir. Bundan başqa, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 529.3cü maddəsində nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmə hərəkətsizlikdə ifadə olunur, inzibati xətanın törədildiyi yer isə fiziki şəxsin qeydiyyatda olduğu yer hesab olunur. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, Şəxs (AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi) Yardımlı rayonunun Köryədi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivi, Oruc Namazov küçəsində nömrəsiz fərdi evdə yaşayır, ona görə də inzibati xəta haqqında protokola dair materiala Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılması üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə 11 may 2023-cü il tarixli 3(007)-2336/2023 nömrəli qərardadı ilə hesab etmişdir ki, təqdim olunmuş sübutlar əsasında məhkəmə iclasında ətraflı araşdırma aparılaraq yekun nəticəyə gəlinməsi mümkün olmadığına görə, inzibati xəta haqqında material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Buna baxmayaraq, Nizami RPİ-nin dövlət yol polisi şöbəsində məhkəmənin istinad olunan qərardadı ilə müəyyən olunmuş hallar üzrə hər hansı araşdırma aparılmamış, material eyni qaydada baxılması üçün təkrarən məhkəməyə göndərilmişdir. Materialın icrası həvalə edilmiş inzibati təcrübə üzrə baş inspektor Rasim Rəhimov qərardadda əksini tapmış nöqsanları aradan qaldırmaq və əsas olduqda materialı aidiyyəti məhkəməyə göndərmək və ya digər qərar qəbul etmək əvəzinə, heç bir əsas və zərurət olmadığı halda, şəxsin istifadəsində olan (nömrəsi qeyd olunmayan) mobil telefonuna Asan Pay sistemi vasitəsilə sms göndərildiyinə dair formal arayış tərtib etməklə işini bitmiş hesab etmiş, bununla da inzibati araşdırma materialını əsassız olaraq Nizami Rayon Məhkəməsinə göndərməklə məhkəmənin iş yükünün artasına səbəb olan hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalı, məhkəmənin 11 may 2023-cü il tarixli 3(007)-2336/2023 nömrəli qərardadında əksini tapan nöqsanlar araşdırılmalı və müvafiq hərəkətlər edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 12 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3117/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3117/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver