Məhkəmə qərarları › İş №3(007)-3129/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3129/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3129/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ (Şəxs barəsində inzibati xəta haqqında materiala dair) Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati materialı nəzərdən keçirərək, Müəyyən etdim:

1. Bakı Şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsi tərəfindən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 10 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir.

Protokolun əsaslandırıldığı hallar:

2. İnzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə Qara Qarayev prospekti ünvanında yerləşən vətəndaş X2 məxsus mopedi oğurlamışdır.

Tətbiq edilən hüquq:

3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir.

4. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamadır. Maddənin qeydinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarı:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir.

Hakimin mövqeyi:

6. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokola dair material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır.

7. İnzibati xəta haqqında işə əlavə olunmuş xx.xx.2025-ci il tarixli materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri müəyyən edildiyindən inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır.

8. Həmçinin xx.xx.2025-ci il tarixli qərarda aparılmış təhqiqat araşdırması zamanı xx.xx.2025-ci il tarixində şəxsiyyəti məlum olmayan şəxs Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 25 saylı yataqxananın qarşısından vətəndaş X2 məxsus “Yamaha” markalı dəyəri 500 manat olan qara rəngli mopedi qanunsuz olaraq gizli yolla talayıb vətəndaş X2 ümumilikdə 500 manat maddi ziyan vurmaqla oğurluq etməsi müəyyən olunmuşdur.

9. Lakin, 07 iyul 2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş X3 müraciətində ona məxsus olan mopedin qiymətini 600 manat dəyərində olduğunu qeyd etmişdir. Bu məqsədlə həmin əşyanın ilkin satış qiymətinin dəqiqləşdirilməsi mümkün olmadığından internet platformasında 2-ci əl əşyaların alışı və satışı ilə məşğul olan tap.az internet saytına daxil olaraq oranın axtarış bölməsinə vətəndaş X2 məxsus “Yamaha” markalı mopedin modeli qeyd edilmiş və ona bənzər onunla eyni sazlıqda olan mopedin qiymətinin 800 manat dəyərində satışa qoyulduğu müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan “Yamaha” markalı, 2010-cu il buraxılışlı mopedin dəyərinin 800 manat olduğu qeyd edilmişdir.

10. Göründüyü kimi Şəxs törətdiyi əməl düzgün tövsif edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, oğurluq nəticəsində əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı ziyan vurularsa əməl Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə tövsif olunmalıdır.

11. Beləliklə, Şəxs əməlində cinayət tərkibinin əlamətləri vardır. Odur ki, Bakı Şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib olunmuş 10 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılmalıdır.

Nəticə:

12. Şəxs törətdiyi oğurluq əməlində cinayət tərkibi olduğundan, protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır.

13. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq,

Qərara aldım:

Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 10 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı Şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar