Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3136/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsindən məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Təqdim edilmiş iş materiallarından görünür ki, Şəxs qanunsuz olaraq, şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitə və ya psixotrop maddə istehlak etməyə görə inzibati məsuliyyətə cəlb olunaraq, barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, onun narkomaniyadan müalicəyə ehtiyacının olub-olmamasının müəyyən edilməsi məqsədi ilə tibbi müayinədən keçirilməmiş və müvafiq rəy alınmamışdır. Hansı ki, İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətaya görə eyni zamanda inzibati həbs tənbeh növü nəzərdə tutulur, belə şəxsin barəsində inzibati həbs tənbeh tətbiq edildiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacı müəyyən edildiyi halda ona həmin müalicə təyin olunmalıdır. Maddənin sanksiyasında inzibati həbs nəzərdə tutulduğuna görə işə təxirəsalınmadan baxılmalı olduğundan isə belə sübutun iş materiallarında mövcud olması zəruridir. Bundan başqa, tibbi müayinəyə dair 31 may 2023-cü il tarixli 2272 nömrəli aktda sidikdə aşkar edilmiş narkotik vasitə və ya psixotrop maddənin adı tam deyil, “THC (+) müsbət” kimi qeyd olunmuş, maddənin adı açıq mətnlə göstərilməmişdir. İnzibati xəta haqqında protokolda Şəxs “xx.xx.2023-cü il tarixdə Nizami rayonu, Q.Qarayev prospekti T.Abbasov küçələrində yerləşən “Araz” marketin yaxınlığında BNMİ əməkdaşları tərəfindən narkotik vasitə ilə üzərində saxlanılmışdır” qeyd olunsa da, bunun əksinə olaraq təqdim edilmiş sübutla, yəni tibbi müayinəyə dair 31 may 2023-cü il tarixli 2272 nömrəli aktla müəyyən olunur ki, həmin şəxsin sidiyində narkotik vasitə və ya psixotrop maddə olan “THC (+) müsbət” aşkar olunmuşdur, bu isə şəxsin həmin vasitəni istehlak etdiyi qənaətinə gəlməyə əsas verir, onun üzərində narkotik vasitə saxlaması barədə qənaətə gəlinməsi ilə bağlı sübutlar isə təqdim edilməmişdir, beləliklə inzibati xəta haqqında protokolda xətanın mahiyyəti düzgün göstərilməmişdir. Şəxs 29 may 2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar saxlanılsa da, həmin orqan tərəfindən toplanmış material və qəbul edilmiş qərar hazırkı materiala əlavə edilməmişdir, ona görə də qeyd olunan saxlanılma faktı ilə 25-ci polis şöbəsində toplanmış material üzrə sidikdə müvafiq narkotik vasitənin aşkar olunması faktı arasında hansı bağlılıq, əlaqə olması müəyyən edilmir. Qeyd olunduğu kimi, bu faktlar arasında bağlılıq, əlaqə müəyyən edilmədiyi halda inzibati xətanın törədilmə yeri barədə qənaətə gəlmək üçün də əsas yoxdur, hansı ki, inzibati xətaya dair işə onun törədildiyi yerdə baxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən hansı qaydada və vaxtda saxlanılması, onunla bağlı hansı əməliyyat məlumatının daxil olması, saxlanılan zaman isə məhz narkotik vasitənin istehlakı faktının müəyyən edilməsindən ötrü onun həkim müayinəsinə təqdim edilməsi zərurəti ilə bağlı sübutlar materiala əlavə olunmamışdır. İnzibati xəta haqqında protokolda xətanın törədilmə vaxtı 29 may 2023-cü il kimi göstərilsə də, ehtimal olunan xətanın törədildiyini təsdiq edən mötəbər sübut hesab olunacaq tibbi müayinəyə dair akt yalnız 2 gün sonra, 31 may 2023-cü il tarixdə əldə edilmişdir. Bununla da inzibati xətanın törədilmə vaxtı dəqiq müəyyən edilməmişdir. İnzibati xəta haqqında protokolda Şəxs izahatı qeyd olunmamış, həmin şəxsin yazılı izahatının materiala əlavə edildiyi göstərilsə də, belə izahat materialda müəyyən edilməmişdir. Bütün bu qeyd edilənlər isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və aparılması zamanı inzibati xətalar qanunvericiliyinə əməl edilməməsi, Azərbaycan Respublikası İXM-nin müvafiq olaraq 61, 75, 76, 99 və 100-cü maddələrinin tələblərinin pozulması, onların məhkəmədə işə baxılarkən aradan qaldırılmasının mümkün olmaması deməkdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs narkomaniyadan müalicəyə ehtiyacı olub-olmamasının müəyyən edilməsi məqsədi ilə tibbi müayinədən keçirilərək rəy alınmadığı, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və aparılması zamanı inzibati xətalar qanunvericiliyinin tələblərinə əməl edilmədiyi, bununla da təqdim edilmiş material natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün, tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş 31 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3136/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3136/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver