Məhkəmə qərarları › İş №3(007)-3138/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3138/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3138/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Naxçıvan MR Şərur rayonu, Həmzəli kəndində anadan olmuş, Naxçıvan MR Şərur rayonu, Həmzəli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİnin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 05:15 radələrində Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsində “Yeni Market”in qarşısında ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X7 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* nömrəli və MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X7 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 05:15 radələrində Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsində Karamov Antonla mübahisə etmişlər. Onlar ailələrə, insanlara narahatlıq verməmək üçün kənara çəkilərək söhbət etmişlər. Polis əməkdaşı onlara yaxınlaşaraq şəxsiyyət vəsiqəsini istəyəndə o, polis əməkdaşının hansı səbəbdən şəxsiyyət vəsiqəsini istəməyini soruşmuş, sonra vəsiqəsini çıxarıb göstərmiş və vəsiqəyə portaldan baxmalarını bildirmişdir. Polis əməkdaşı telefonu ilə şəxsiyyət vəsiqəsinə baxan zaman whatsappa daxil olduğunu görmüş və vəsiqəsini götürmüşdür. Sonra polis əməkdaşı onlara qarşı nalayiq söyüşlər, təhqiredici ifadələr işlətməyə başlamışdır. O, da həmin ərazidə göyərti satanların arabasının üzərindən bıçaq götürmüş və özünə xəsarət yetirmişdir. Polislər videonu o, özünə xəsarət yetirdikdən sonra çəkmişlər. Azər onların mübahisə etmələrini görüb polisə demişdir ki, “görürsünüz hirslidir özünə xəsarət yetirib, üstünə getməyin”. Polis əməkdaşları onun özünə xəsarət yetirməsini görüb ondan uzaqlaşıb Azərin üstünə düşmüşlər. O, həmin yerdən qaçıb getmişdir. Sonra valideyni ilə birlikdə könüllü bölməyə gəlmişdir. Şöbədə onun üzərinə əlində qandal olduğu vəziyyətdə axtarış aparılmasına etiraz etmiş, yenidən polislərlə arasında mübahisə olmuşdur. Onun məqsədi polislərə müqavimət göstərmək olsaydı, bıçağı polislərin üzərinə çəkərdi, özünə xəsarət yetirməzdi. Onu o dərəcəyə çatdırmışlar ki, özünə xəsarət yetirmişdir. O, ictimai qaydanı pozmamışdır. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X14 Patrul bölüyü polis nəfəri, polis serjantı X8 bildirmişdir ki, əvvəllər Şəxs tanımamışdır. xx.xx.2024cü il tarixdə saat 05:15 radələrində Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsində “Yeni Market”in yaxınlığında X9 Elçinin bir-birinə ucadan nalayiq ifadələr işlədərək, söyüşlər söyərək mübahisə etmələrini görmüşdür. Sonra onlar bir-biri ilə çəkişə-çəkişə binanın arxasına keçmişlər. Onlara yaxınlaşaraq özünü təqdim etmiş və onlara yaşayış binasının qarşısı və insanların hərəkətdə olduğu yer olmasını, söyüş söyməmələrini, yeyib-içiblər evlərinə getmələrini bildirmişdir. Onlar sakitləşməyərək mübahisə etməyə davam etmişlər. Anton nisbətən sakitləşsə də, Elçin heç sakitləşməmişdir. Onlardan şəxsiyyət vəsiqələrini təqdim etməyi xahiş etmiş, Anton vəsiqəsinin olmadığını bildirmiş, Elçin isə şəxsiyyət vəsiqəsini çıxarmış, lakin təqdim etməmişdir. X11 getməyi təklif etmiş və zəng edərək polis avtomobilinin yaxınlaşmasını xahiş etmişdir. Bu zaman Azər onlara yaxınlaşmış və “sən bizi tanımırsan, biz srokda yatmışıq, səni doğrayaram, özümə xəsarət yetirərəm” kimi ifadələr işlətməyə başlamışdır. X10ra yumruq ataraq söyüş söymüşlər. Azər Elçinə bıçaq vermiş, Elçin də özünə xəsarət yetirmişdir. Sonra Elçin oradan qaçıb getmiş, X20 Şöbəsinə aparmışlar. Elçin özü valideyni ilə şöbəyə sonradan gəlmişdir. Şöbədə də Elçin nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X14 Patrul bölüyü polis nəfəri, polis serjantı X6 şahid X8 ilə oxşar məzmunda izahat vermişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən səhərə yaxın Əlahiddə X14 əməkdaşları sərxoş vəziyyətdə 3 vətəndaşı Şöbəyə təmin etmişlər. Müayinə olunduqları zaman hər birində orta dərəcəli sərxoşluq aşkar edilmişdir. Həmin şəxslər, əsasən Şəxs şöbədə səs-küy salaraq qeyri-etik ifadələr işlətmişlər. Hər bir vətəndaş bölməyə təmin olunduqda təhlükəsizlik qaydalarına uyğun olaraq üzərlərinə vizual olaraq baxış keçirilir. Şəxs üzərində olan əşyları təqdim etməsini xahiş etmiş, o, bununla razılaşmayaraq “Mən sənin üçün uşaq deyiləm, mənim cibimə nəsə atmaq istəyirsən” deyərək qışqırmağa başlamışdır. Şəxs polisin qanuni tələbinə tabe olmağı tələb edildikdə “mən 12 il həbsdə olmuşam, hər şeyi yaxşı bilirəm” demişdir. Şəxs özünü pilləkənlərdən aşağı atacağını, özünü şöbədə doğrayacagını, ona işində böyük problem yaşadacağını bildirərək polislərin ünvanına nalayiq ifadələr işlətmişdir. Elçin bildirəndə ki, özünü növbətçi hissənin şüşə olan yerlərinə vurub doğrayacaq 20 dəqiqə onun ətrafında olmuşdur ki, özünə xəsarət yetirməsin. Elçin özünü idarə edə bilmədiyi üçün təhlükəsizliyini təmin etmək məqsədilə qandal taxmışlar. Elçin cəmiyyət üçün çox təhlükəli insandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 2/33496 saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə saat 07:21-də müayinə olunan Şəxs orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. - İnzibati xəta törətmiş şəxsi tutmaq haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 06:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal hesab edir. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı Şəxs tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 06:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X4 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx.xx.2024-cü il tarixdən saat 06:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X5 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə həvalə dilsin. Şəxs məhkəmədə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar