Məhkəmə qərarları › İş №3(007)-3140/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3140/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3140/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 01 avqust 1964-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi ev 22, mənzil 14-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 02 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 01 may 2023-cü il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 65A ünvanında yerləşən Nizami rayon İcra Hakimiyyətinin inzibati binasında, ümumi şöbənin dəhlizində qızının keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxsnın sifətinə şillə ilə vuraraq döyməklə və 2012-ci il təvəllüdlü nəvəsi X3 əlindən tutub dartarkən sol əlin birinci barmağını qanırmaqla, onlara qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək, qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızı Leyla ilə evli olmuşdur, onların birgə nikahdan iki azyaşlı övladları vardır. 2022-ci ilin iyun ayında Leyla ilə Elim məhkəmə qaydasında rəsmi boşanmışlar. Yusif və Ulduz adlı uşaqları anaları Leylanın yanında saxlanılmış, Elimdən uşaqların saxlanılması üçün aliment tutulması qərara alınmışdır. Bundan təxminən 6-7 ay sonra Elimin atası Vələt nəvəsi Ulduzu Bakıxanov qəsəbəsində oxuduğu 271 saylı orta məktəbin qarşısından öz evlərinə aparmışdır. Ona görə də onlar məhkəməyə müraciət etmişlər ki, Ulduzu qaytarıb anasına versinlər. Məhkəmədə işə baxılarkən məsələnin həll edilməsi üçün iş Nizami rayon İcra Hakimiyyətinin qəyyumluq şöbəsinə göndərilmişdir. 01 may 2023-cü il tarixdə Leylanı qəyyumluq şöbəsinə çağırmışlar. Onunla əri Zamir də Leyla ilə birlikdə həmin orqana getmişlər. Nizami rayon İcra Hakimiyyətinin inzibati binasında, ümumi şöbənin dəhlizində Leyla qızı Ulduzu çoxdan görmədiyi üçün onu qucaqlamaq istəyəndə Elimin atası Vələt Ulduzun əlindən tutub özünə tərəf dartmış və onları görüşməyə qoymamışdır. Ulduz həyəcanlanıb ağlamağa başlamışdır. Həmin vaxt aralarında mübahisə yaranmış, o, Elimə demişdir ki, belə vəziyyətin yaranmasının səbəbkarı odur, bundan sonra aralanıb getmişdir. Lakin həmin vaxt o, Elimi vurmamışdır. Elimin üzərində aşkar olunan xəsarətin hansı qaydada yaranmasını isə bilmir. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, X1 ilə evli olmuşdur, birgə nikahdan iki azyaşlı övladları vardır. 2022-ci ilin iyun ayında Leyla ilə məhkəmə qaydasında rəsmi boşanmışlar, məhkəmə uşaqların ikisini də Leylaya vermişdir. Lakin 2012-ci il təvəllüdlü qızı Ulduz onunla qalır, o, məhkəmədə iddia qaldıraraq övladlarının ikisini də özünə verilməsini istəmişdir. Məhkəmə həmin mübahisə üzrə rəy verilməsi üçün Nizami rayon İcra Hakimiyyətinin qəyyumluq şöbəsinə müraciət etmişdir. 01 may 2023-cü il tarixdə onu qızı Ulduzla birlikdə həmin şöbəyə çağırmışlar. Onlar həmin yerə getdikdə, Leyla ilə birlikdə anası Pərvanə və atası Zamir də orada olmuşlar. Ulduz danışmaq üçün otağa dəvət olunanda o, etirazını bildirmiş, həmin vaxt Leylanın anası Pərvanə Ulduzun qolundan tutub onu otağa dartmaq istəyəndə Ulduz ağlayaraq barmağının ağrıdığını bildirmişdir. Bu zaman Pərvanə onu nalayiq söyüşlə söyərək üstünə yeriyib bir dəfə şillə ilə sifətinin sağ tərəfinə vurmuşdur. O, Şəxs ilə barışmamışdır, ondan şikayətçidir. Zərərçəkmiş şəxs, azyaşlı X6 məhkəmə iclasında iştirak etmədiyindən onun təhqiqat zamanı verdiyi izahatı elan olunaraq tədqiq edilmişdir. O, sözügedən izahatında göstərmişdir ki, anası Leyla ilə atası Elim boşanmışlar, o, hazırda atası ilə bir yerdə yaşayır, qardaşı Yusif isə anası Leyla ilə qalır. 01 may 2023-cü il tarixdə atası Elim və babası Vələt onu Nizami rayon İcra Hakimiyyətinə aparmışlar, orada ondan soruşmalı idilər ki, o, atası ilə, yoxsa anası ilə qalmaq istəyir. Anası Leyla, nənəsi Pərvanə və babası Zamir də ora gəlmişlər. Əslində o, anası ilə yox, atası ilə qalmaq istəyir. İcra Hakimiyyətində onu otağa sorğu-sual etmək üçün çağırmışlar, ancaq o, otağa girmək istəməmişdir. Anası Leyla arxadan onu itələmişdir ki, otağa girsin, o, girməmişdir, nənəsi Pərvanə də qarşi tərəfdən onun əlindən tutub dartanda sol əlinin baş barmağı qanrılmış, barmağı bərk ağrımışdır. Həmin vaxt atası Elim yaxınlaşıb onu kənara çəkib aparmaq istəyəndə nənəsi Pərvanə atası Elimin sifətinə şillə ilə vurmuşdur, ancaq atası nənəsi Pərvanəni vurmamış, heç ona əl də qaldırmamışdır. Bundan sonra onlar oranı tərk edib getmişlər. O, özünü çox həyəcanlı və pis hiss etdiyinə görə babası Vələt evə təcili tibbi yardım çağırmışdır, həkim onu yoxlayıb yardım etmişdir. Hazırda sol əlinin baş barmağını qatlayanda ağrıyır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 10 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nizami RPİ-nin 24-cü PŞ-nə təqdim edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs ilə barışmamışdır, ona görə İXM-nin 39.1-ci maddəsində nəzərdə tutulduğu qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə Şəxs izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirməklə nəzərə almır, belə ki, təhqiqat zamanı toplanaraq tədqiq edilmiş sübutlarla 02 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda əksini tapan inzibati xətanın öz təsdiqini tapdığı, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X3 məhkəmə-tibbi müayinələri zamanı onlarda müvafiq olaraq sifətin sağ yarısının şişkinlik halında əzilməsi və hiperemiyası; sol əlin 1-ci barmağının şişkinlik halında əzilməsi ilə müşayiət olunan xəsarət aldıqları müəyyən olunmuşdur, hansı ki, həmin xəsarətlərin 01 may 2023-cü il tarixdə alınmaları mümkün olmuş, sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müdafiəçinin xidmətindən imtina etdiyindən hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqının ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar