Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3143/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 01.01.1978-ci il tarixdə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2nvanda yaşayan Şəxs, barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 75.000 (yetmiş beş min) ABŞ dolları və 914.000 (doqquz yüz on dörd min) rus rublu əsas borcun və bank filialının uçot dərəcəsi kimi hesablanmış 13 650 (on üç min altı yüz əlli) ABŞ dolları və 124 761 (yüz iyirmi dörd min yeddi yüz altmış bir) rus rublunun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və 30 (otuz) manat dövlət rüsumu iddiaçı X2 xeyrinə tutulmalıdır. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 08 dekabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli icra vərəqəsini icra etməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X3 izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən, Şəxs 75.000 (yetmiş beş min) ABŞ dolları və 914.000 (doqquz yüz on dörd min) rus rublu əsas borcun və bank filialının uçot dərəcəsi kimi hesablanmış 13 650 (on üç min altı yüz əlli) ABŞ dolları və 124 761 (yüz iyirmi dörd min yeddi yüz altmış bir) rus rublunun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və 30 (otuz) manat dövlət rüsumu iddiaçı X2 xeyrinə tutulmalıdır. İcra vərəqəsi 07 avqust 2017-ci il tarixdə icra şöbəsinə daxil olmuş və icrata başlanılmış, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Lakin, uzun müddət keçməsinə və xəbərdarlıqlar edilməsinə baxmayaraq borclu Şəxs tərəfindən icra vərəqəsinin icrası təmin edilməmişdir. Müvafiq icra tədbirləri görülsə də, icra vərəqəsinin icrasını təmin etmək mümkün olmamışdır. Bu səbəbdən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən, 75.000 (yetmiş beş min) ABŞ dolları və 914.000 (doqquz yüz on dörd min) rus rublu əsas borcun və bank filialının uçot dərəcəsi kimi hesablanmış 13 650 (on üç min altı yüz əlli) ABŞ dolları və 124 761 (yüz iyirmi dörd min yeddi yüz altmış bir) rus rublunun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və 30 (otuz) manat dövlət rüsumu ondan iddiaçı X2 xeyrinə tutulmalıdır. İcra vərəqəsi üzrə hal hazıradək heç bir ödəniş etməmişdir. Hal hazırda tələbkar ilə aralarında iş birliyi var və eyni zamanda tələbkardan alacağı pul var. Barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, icra məmurunun və borclunun izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs təqsiri tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar toplanmış və icra məmuru tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərin təhlili belə qənaətə gəlməyə tam əsas verir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 2 və 3-cü maddələri). Məhkəmə qərarlarının icrasının məcburiliyi «Məhkəmələr və hakimlər haqqında» Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İcra haqqında” Qanun) 2 və 3-cü maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Həmçinin Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə borclu Şəxs bаrəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, borclu Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən etmir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Şəxs barəsində törətdiyi xətanı nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə cərimə tənbeh tədbirinin tətbiq edilməsini tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114-115, 128- 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-3143/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3143/2021
08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver