Məhkəmə qərarları › İş №3(007)-3158/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3158/2022

22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3158/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və icra sənədi üzrə tələbkar X4 iştirakları ilə, Şəxs, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı Apellyasiya Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(103)-3578/2022 saylı icra sənədinə əsasən, Şəxs “Hyundai Sonata” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin və onun sökülmüş hissələrinin alınıb X5 verilməsi, Şəxs X4 xeyrinə 914 manatın tutulması, əldən çıxmış faydanın əvəzi kimi 6000 manatın Şəxs alınaraq X5 verilməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzürsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə Şəxs icra sənədi üzrə ödənilməmiş 5414 manat borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X2 məhkəmədə bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(103)-3578/2022 saylı icra sənədi şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. Borclunun ünvanına tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, tələb könüllü müddət ərzində ödənilməmişdir. Sonrakı müddət ərzində borclu şöbəyə dəvət olunmuş, ondan izahat alınmış, izahatında isə borcunu tələbkarın xeyrinə ödəyəcəyini bildirsə də, halhazıradək borcunu ödəməmişdir. Borclunun bu cür hərəkətləri tələbkarın haqlı narazıçılığına səbəb olmuş, borclunun məhkəmə qərarının icrasına qərəzli olması müəyyən edilmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında borclu Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları inkar edərək, inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək, göstərdi ki, icra sənədinin icrası ilə əlaqədar onun 5414 manat ödənilməmiş borcu qalmışdır. O, 1500 manat borcundan ödəmişdir. Hal-hazırda onun borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Qərəzli olaraq və üzürsüz səbəbdən icra sənədini icra etməkdən yayınmamışdır. Əgər belə niyyəti olsaydı, 1500 manat və hazırkı iclasda da 200 manat ödəmək istəməzdi. Xəstəliyi ilə bağlı, icra şöbəsinə gedə bilməyib, belə ki, infarkt keçirmişdir. Hal-hazırda 200 manat ödəməyə imkanı çatır, lakin tələbkar razılaşmır. Tələbkar pulu birdəfəlik tələb edir. Buna görə də onun məhkəmə qətnaməsini guya üzürsüz səbəbdən icra etməməsi həqiqətə uyğun deyil və onun əməlində inzibati xəta tərkibi yoxdur. Sonda Şəxs, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar X6 məhkəmədə bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(103)-3578/2022 saylı icra sənədi üzrə, borclu Şəxs 5414 manat borcu qalmışdır. Borclu ümumi ödəməli olduğu puldan uzun müddət əvvəl cəmi 1500 manat ödəniş edib, hazırda borclunun təklif etdiyi 200 manat isə onu qane etmir. Borclu ağlabatan məbləğdə ödəniş etsəydi, o, borclu ilə razı olardı. Lakin, indiki halda borcun tam ödənilməsini tələb edir. Buna görə də, göstərdiklərini nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işdə olan sübutlarla Şəxs Bakı Apellyasiya Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(103)-3578/2022 saylı qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Bununla əlaqədar məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədinin icrası ilə əlaqədar onun hərəkətləri icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi tövsif edilə bilməz. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar