Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3164/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, Ş.Mirzəyev küçəsi, ev 2/11-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 07 dekabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 24 oktyabr 2021-ci il tarixdə saat 12:50 radələrində idarə etdiyi “Kia Rio minik” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsindən sağa, R.Rüstəmov küçəsi istiqamətində dönərək 50-60 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndini (yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizlikləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı) tələblərini pozub, həmin küçədə O.Vəliyev küçəsi istiqamətində yolun sağ kənarında dayanmış vəziyyətdə olan “BMW 320 minik” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, toqquşma zamanı “BMW 320 minik” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 24 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində etibarnamə ilə idarə etdiyi “Kia-Rio” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə hərəkət edərək M.Əliyev küçəsindən sağa dönərək R.Rüstəmov küçəsi ilə Neft Emalı zavodu istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olan zaman R.Rüstəmov küçəsi ilə M.Əliyev küçəsi istiqamətində hərəkətdə olan “BMW” markalı avtomobilin qəflətən öz hərəkətdə olduğu zolaqdan onun hərəkətdə olduğu zolaq istiqamətində çəpinə hərəkət etdiyini görərək, dərhal idarə etdiyi avtomobilin əyləcinə basmış, buna baxmayaraq məsafə az olduğundan idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə “BMW” markalı avtomobilin qabaq sağ yan hissəsi toqquşmuşdur. Bundan sonra “BMW” markalı avtomobil yolun sağ kənarında olan daş hasara dəyərək sol yanı üstə aşmışdır. O, dərhal avtomobilini saxlayaraq düşüb “BMW” markalı avtomobilə yaxınlaşmış, həmin avtomobilin sürücüsü xəsarət aldığından orada olan şəxslərlə birlikdə sürücüyə kömək edərək avtomobilin içərisindən çıxarmışlar, sonra isə hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının əməkdaşları sürücüyə ilkin yardım göstərərək onu xəstəxanaya aparmışlar. Təhqiqatçının qəbul etdiyi qərarla razı deyil, təhqiqatçı özü ona demişdir ki, onun təqsiri yoxdur. Özü də hesab edir ki, hadisənin baş verməsində onun günahı yoxdur. “BMW” markalı avtomobilin sürəti çox olduğundan idarəetməni itirmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 24 oktyabr 2021ci il tarixdə saat 12:40 radələrində etibarnamə ilə idarə etdiyi “BMW” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə M.Əliyev küçəsi istiqamətində hərəkətdə olan zaman sudurqası olduğundan halı pisləşdiyi üçün idarə etdiyi avtomobillə R.Rüstəmov küçəsindən geriyə dönərək Neft Emalı zavodu istiqamətində yolun sağ kənarında avtomobili saxlamış, mobil telefonu ilə qardaşına zəng vuraraq məlumat vermək istəyən zaman R.Rüstəmov küçəsi ilə Neft Emalı zavodu istiqamətində hərəkətdə olan “Kia” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ hissəsi ilə onun avtomobilinin arxa sol hissəsindən zərbə ilə toqquşmuşdur. Onun avtomobilinin sağ qabaq qanad hissəsi yolun sağ kənarında olan daş hasara dəymiş, özü isə avtomobilin içərisində xəsarət almışdır. Orada olan şəxslər köməklik edərək onu avtomobilin içərisindən çıxarmışlar, baş vermiş hadisə ilə əlaqədar qardaşı Zaur da hadisə yerinə gəlmiş, təcili tibbi yardım stansiyasının əməkdaşları ilə birlikdə Zaur onu 3 saylı ŞKX-na aparmışdır. Xəstəxanada həkimlər ona ilkin tibbi yardım göstərmişlər, dodağı və başı yaralandığı üçün həkimlər dodağına bir neçə tikiş qoyaraq başını sarğı etmişlər. Sonra isə xəstəxanaya gələn polis əməkdaşı ilə birlikdə sərxoşluq müayinəsinə getmiş, müayinədən keçdikdən sonra evə buraxılmışdır. Ona dəymiş maddi ziyan indiyədək ödənilməmişdir, həmin ziyanın ödənilməsini tələb edir. İşdə olan canlı şəxsin ekspertizasına dair 30 oktyabr 2021-ci il tarixli 925 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs üst çənədə soldan İ dişin sınığı ilə müşayiət olunan alt dodağın sağ yarısının iç səthinin əzilmiş və alt dodaq haşiyəsinin əzilmiş, başın təpə nahiyəsinin səthi kəsilmiş yaraları; sol gicgah nahiyəsinin şişkinlik halında əzilməsi-səthi kəsilmiş yaralar kəsici kənara malik əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 24.10.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə-trasoloji ekspertizasının 11 noyabr 2021-ci il tarixli 8/2709 nömrəli rəyindən görünür ki, təqdim edilmiş “Kia-Rio” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotda, qabaq sağ qanadda, qabaq bamperdə, qabaq sağ farada) və “BMW” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (arxa bamperdə, arxa sol qanadda, yükyerinin qapağında, arxa sağ və sol farada) olan zədələr, izlər öz formasına morfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontakda olması, dəyməsi, o cümlədən nəqliyyat vasitələrinin biri biriləri ilə toqquşması nəticəsində yaranması mümkündür. İlkin kontakt anında toqquşma “Kia-Rio” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi (qabaq sağ qanad) ilə “BMW” markalı **-FT-*** dövlət nömrə nişanlı avtomobilin arxa nisbətdən sol hissəsi arasında təxminən 10-15 dərəcə bucaq altında baş vermişdir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 noyabr 2021-ci il tarixli 8/2923 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia-Rio” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. BMW-320 markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 noyabr 2021-ci il tarixli qərardan görünür ki, HK1-577 nömrəli araşdırma materialı üzrə, baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında qeyd edilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirir, belə ki, tədqiq edilmiş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının rəyi ilə hər iki avtomobilin üzərində olan zədələrin, izlərin morfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə ilkin kontakt anında toqquşmanın “Kia- Rio” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi (qabaq sağ qanad) ilə “BMW” markalı **-FT-*** dövlət nömrə nişanlı avtomobilin arxa nisbətdən sol hissəsi arasında təxminən 10-15 dərəcə bucaq altında baş verdiyi öz təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə məhkəmə-trasoloji və yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxs tərəfindən vurulmuş maddi zərərin ödənilməsi barədə tələb irəli sürülməmişdir, lakin müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə məhkəmə-trasoloji və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsinə sərf edilmiş cəmi 200 manat dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ Zərərçəkmiş şəxs izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3164/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3164/2021
23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver