Məhkəmə qərarları › İş №3(007)-3172/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3172/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3172/2023 05.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1958-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, Gen. Şıxlinski küçəsi ev 1B, mənzil 127-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 05 iyun 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 03 yanvar 2023-cü il tarixdə saat 23:15-də özünə məxsus “Hyundai Sonata minik” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadığı halda idarə edib Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekində üzü “Xalqlar Dostluğu” metrostansiyası istiqamətində hərəkətdə olarkən “Lotos” ticarət mərkəzinin qarşısında yolun əks tərəfində, yolun kənarında dayanmış piyada Akhmedov Rafıgı (Zərərçəkmiş şəxs) idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə zərərçəkmiş şəxsə dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru X3 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun nəqliyyat vasitəsi idarə etmək hüququ olmuş, lakin 12 mart 2022-ci il tarixdə sürücülük vəsiqəsinin müddəti bitmişdir. Hazırda sürücülük vəsiqəsi olmasa da, yaşına və səhhətinə görə zərurət olduqda avtomobildən istifadə edir. 03 yanvar 2023-cü il tarixdə saat təxminən 22:50 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Q.Qarayev prospekti ilə üzü “Xalqlar Dostluğu” metrostansiyası istiqamətində saatda təxminən 40-50 km sürətlə sağ zolaqla, avtobuslar üçün nəzərdə tutulmuş yol ilə hərəkətdə olan zaman qəflətən avtobus xəttində dayanmış vəziyyətdə olan tanımadığı piyadaya avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Dərhal avtomaşından aşağı düşüb həmin piyadaya yaxınlaşmış, onu öz avtomobilinə əyləşdirmiş, müayinə üçün xəstəxanaya aparmağı təklif etsə də, piyada imtina edərək evə getmək istədiyini demiş, ona görə onu yaşadığı evinə aparıb təhvil vermişdir. 26 yanvar 2023-cü il tarixdə onu polisə dəvət etmişlər, onda bilmişdir ki, hadisə zamanı xəsarət alan Zərərçəkmiş şəxs sonradan ağrıdığına görə xəstəxanaya və polisə müraciət etmişdir. Əməlindən səmimi peşmandır, yaşını, pensiyaçı olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Akhmedov Rafıg (Zərərçəkmiş şəxs) məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə işə baxılması üçün nəzərdə tutulan qısa müddəti və işin faktiki hallarını nəzərə alaraq, zərərçəkmişin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, onun təhqiqat zamanı verdiyi izahatı elan olunaraq tədqiq edilmişdir. O, sözügedən izahatında göstərmişdir ki, 03 yanvar 2023-cü il tarixdə saat təxminən 22:50 - 23:15 radələri arasında Nizami rayonu, Q.Qarayev prospektində üzü “Xalqlar Dostluğu” istiqamətində avtomobillərin hərəkət hissəsində yolun kənarında dayanıb sərnişin avtobusu gözləyirmiş ki, yaşadığı Günəşli qəsəbəsinə getsin. Dayanacaqda təxminən 15 dəqiqə olardı dayanmışdı ki, qəflətən gözləmədiyi anda ondan sol istiqamətdə hərəkətdə olan markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil onun sol ayaq nahiyyəsindən vurmuş və o, yerə yıxılmışdır. Sonra həmin avtomobili idarə edən sürücü avtomobildən aşağı düşərək ona yaxınlaşmış və onu yerdən qaldırıb öz avtomobilinə əyləşdirdikdən sonra ondan necə olduğunu soruşduqda o, isti-isti ağrılarını hiss etmədiyinə görə yaxşı olduğunu sürücüyə bildirdikdən sonra həmin sürücünün avtomobili ilə o, yaşadığı Günəşli qəsəbəsindəki evinə getmişdir. Sürücü onu evə düşürüb getmiş, lakin sürücünün heç bir əlaqə nömrəsini almamış, avtomaşının dövlət qeydiyyat nişanına baxmamış, səhəri gün, yəni 04 yanvar 2023-cü il tarixdə ayağında olan xəsarətlə bağlı 26 saylı poliklinikaya müraciət etmiş və polis idarəsinə gedərək hadisə barədə izahat vermişdir. Canlı şəxsin ekspertizasına dair 27 yanvar 2023-cü il tarixli 26 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının şişkinlik halında əzilməsi və hematoması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə yol-nəqliyya hadisələrinin ekspertizasının 16 fevral 2023-cü il tarixli 8/423 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Sonata” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bakı şəhəri Nizami RPİ-nin təhqiqat şöbəsinin 10 mart 2023-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə əsasən “Hyundai Sonata” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material Nizami Rayon Məhkəməsinə təqdim olunması məqsədilə RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, pensiyaçı olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları, xüsusən 65 yaşına çatdığına görə ona inzibati qaydada həbs verilməsinin yolverilməz olması barədə Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinin tələbini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir, bundan başqa, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı razılıq əldə olunmadığı müəyyən edilmişdir, ona görə iş üzrə zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar