Məhkəmə qərarları › İş №3(007)-3193/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3193/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3193/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Həmzəyev Zaur Məcid oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Tahir oğlunun iştirakları ilə, xx.xx.1986-cı il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 14 iyul 2025-ci il tarixli, MN seriyalı, 23217221 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunan sənədlərə əsasən Şəxs, 27 noyabr 2024-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(007)-643/2025 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında böyük icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. O əlavə olaraq bildirmişdir ki, tərəflər arasında 2021-ci ildə alimentlə bağlı icra vərəqəsi olmuş, həmin vaxt məbləğ aşağı olmuş və məhkəmə tərəfindən aliment məbləği 2025-ci ildə artırılmışdır. xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə hal-hazırda borclunun 1065 manat aliment borcu yaranmış, alimentin artırılmasına qədər olan icra vərəqəsəi üzrə borclunun borcu qalmamışdır. Borclunun barəsində axtarış elan edilmiş, daha sonra sahə müvəkkili ilə icra şöbəsinə gətirilmişdir. Hal-hazırda borclunun borcu var. Tələbkar aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Borclu təqdim etdiyi ödəniş sənədlərinə əsasən 300 manatdan artıq ödəniş edibsə və xx.xx.2025-ci il tarixdə isə 772 manat ödənişi də nəzərə alınarsa demək olar ki, borcunu ödəmişdir. İyul ayında iki dəfə, ondan əvvəl imkanı zəif olduğu üçün 50-100 manat olaraq imkanı olduqca ödəniş etmişdir. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, icra sənədi üzrə ödənişdən qərəzli şəkildə yayınmamışdır. Onun 2(007)-643/2025 saylı qətnaməsindən və məhkəmə proseslərindən məlumatı olmamış, məhkəmə prosesləri barədə sms xəbərdarlıq və bildiriş gəlməmiş, məhkəmə proseslərindən xəbəri olmadığı üçün iclaslarda iştirak etməmişdir. Məhkəmə qətnaməsindən məlumatı olsa idi ödənişlər edərdi. Onun məhkəmə qətnaməsindən xəbəri olmamasına baxmayaraq hər ay borcluya təhsil haqqı, kommunalların ödənişini etmişdir. Uşağın bir kursuna 100 manat, digər kursuna 70 manat ödəniş edir. O, borcluya azı 100 manat pul göndərmişdir. Lakin onun icra məmuruna təqdim etdiyi qəbzlərdən 371 manat ödədiyi görünür, çünki ödəniş etdiyi bəzi qəbzləri tapa bilməmişdir. Tələbkarın anası 3 ay bundan əvvəl ona kart nömrəsi göndərərək alimentin müəyyən edildiyini bildirərək ödəniş etməyini bildirmiş, o da 3 il ərzində uşağa “Milliön” aparatı vasitəsilə köməklik üçün ödənişlər etmişdir. O, özü icra şöbəsinə gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, guya onu sahə müvəkkili icra şöbəsinə gətirib. Anası ona zəng edib onu axtardıqlarını bildirən zaman nömrəni verib zəng etmişdir. Həmçinin, xx.xx.2025-ci il tarixdə atası zəng etmişdir ki, icra məmuru onu axtarışa verib, sahə müvəkkili də qapıya gəlib, ona da bir nömrə vermişlər ki, əlaqə saxlasın. O, turistlərlə işləyir, bələdçi kimi fəaliyyət göstərir, işlədiyi oteldə gündəlik 7 manat ödəniş etməklə qalır və qeydiyyatda olduğu mənzildə yaşamır. Barəsində inzibati və cinayət işi olmamışdır. O, hazırda 772 manat ödəniş etmiş və ödədiyi pulları borc alıb ödəmişdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməməsini xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında verilən izahatlar və məhkəmə araşdırması zamanı tədqiq olunmuş materiallarla müəyyən edilmişdir ki, Şəxs barəsində qəbul edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(007)-643/2025 nömrəli icra sənədi üzrə mütəmadi olaraq ödənişlər etmişdir. Bunlardan da aydın olur ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qərəzli şəkildə yayınmamışdır. Lakin Şəxs əməlində inzibati xəta tərkibi olmadığı halda, onun icra sənədini üzürsüz səbəbdən icra etməməsi səbəbi ilə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən barəsində əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Halbuki, həmin maddənin tələbinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Belə ki, məhkəməyə inzibati xətalar haqqında iş üzrə məhkəməyə müraciət edərkən borclunun 1065 manat aliment borcu olması müəyyən edilmiş, borclu tərəfindən icra sənədindən məlumatı olduqdan sonra xx.xx.2025-ci il tarixdə 700 manat və 72 manat, məhkəməyə təqdim etdiyi ödəniş sənədlərinə əsasən 300 manatdan artıq ödəniş edilməsi də nəzərə alınarsa aliment borcu tamamilə ödənilmiş hesab oluna bilər. Bununla da, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(007)-643/2025 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə, borclunun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsində qərəzli olmasına dair konkret sübutlar təqdim edilmədiyindən və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(007)-643/2025 nömrəli icra sənədinin icrasından azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar