Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-32/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Məhərova Sevinc Vəkil qızının iştirakı ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bir neçə ay əvvəl fərdi sahibkar kimi qeydiyyatdan keçərək VÖEN almış və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 11/18 ünvanında yerləşən dönərxananı işlətmək üçün icarəyə götürmüşdür. Lakin işlərinin yaxşı getməməsi səbəbindən həmin dönərxanadakı işinə son verməyə qərara gəlmiş və bu ilin oktyabr ayının 20-də vergi ödəyicisi kimi fəaliyyətini dayandırmışdır. Obyekt işlədilməsi üçün 2023-cü ilin iyun ayından başqa bir şəxsə verilmiş, hətta ona 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən bunu təsdiqləyən “Fəaliyyətin dayandırılması Bildirişi” də təqdim edilmişdir. Lakin noyabr ayında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin əməkdaşları əvvəllər onun işlətdiyi və yuxarıda qeyd etdiyi dönərxanaya yoxlamaya gələrək, dönərdən nümunə götürmüş, sonra isə hansısa mikroorqanizmin aşkar edilməsi və obyektin sanitar vəziyyətinin qeyri-qənaətbəxş olması əsası ilə onun barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarmış və nəticədə onu fərdi sahibkar olmadığı halda vəzifəli şəxs qismində 1.500 (bir min beş yüz) manat məbləğində cərimə etmişlər. Hesab edir ki, həmin qərar əsassız və qanunsuzdur. Belə ki, tərəfindən qərarda qeyd edilən qanun pozuntusuna yol verilməmişdir. Hətta izahatı alınması üçün idarəyə dəvət edildiyində də həmin obyektlə bağlılığının olmamasını, oranı işlətmədiyini bildirsə də cavabdehin əməkdaşı israrla onun məsuliyyət daşıdığını bildirdiyi üçün izahat verməkdən də imtina etmişdir. Barəsində çıxarılmış qərarda 2 əsas səbəb göstərilmişdir. Bunlardan biri dönərdə e-coli mikroorqanizminin aşkar edilməsi, digəri isə obyektin sanitar vəziyyətinin qeyri-qənaətbəxş olması əsasıdır. Bildirir ki, maraqlı gəldiyi üçün e-coli barədə araşdırma aparmış və bilmişdir ki, bu, bağırsaq çöpləridir. Bağırsaq çöpləri isə məməli heyvanların yoğun bağırsağında yaşayan bir mikroorqanizmdir. Yəni ki, heyvan mənşəlidir. Bir sözlə toyuq dönərində işlənən toyuq ətində əvvəlcədən olma ehtimalı çox böyükdür. Toyuq dönərində işlənən ətləri isə dönər satan obyekt istehsal etmir, onu mağazadan alır, bir sözlə dönər satan obyekti bu tip pozuntuya görə təqsirləndirmək düzgün deyil. Həmçinin bildirmişdir ki, sınaq nəticələri qeyd edilmiş sənəddə həmin nəticələrin qeyd edildiyi bölmədə göstərilənlər də qeyri-müəyyən yazılmışdır. Yəni mikroorqanizmin aşkar edilib-edilməməsini konkret olaraq görmək mümkün deyil. Bundan başqa qərarda qeyd edilmiş “sanitar vəziyyətin qeyri-qənaətbəxş olması” anlayışı da geniş anlayışdır və qeyri-dəqiqdir. Hansı vəziyyətin qənaətbəxş, hansının qeyri-qənaətbəxş hesab edilməsinin özü elə sual doğurur. Hesab edir ki, yoxlayıcının əməkdaşı subyektivliyə yol vermiş və şəxsi qənaətini protokola qeyd etmişdir. Qeyd olunanları nəzərə alıb barəsində əsassız və qanunsuz tərtib edilmiş 07 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası İXM-nin 447.0.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini qəbul edir, lakin o, vəzifəli şəxs qismində 1500 manat cərimə edilməsindən narazıdır. İnzibati xəta törədilən vaxt o, vəzifəli şəxs olmamışdır, bu barədə sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Məhərova Sevinc Vəkil qızı izahat verərək bildirmişdir ki, X3 şikayətində bildirir ki, 2023-cü ilin oktyabr ayının 20-dən vergi ödəyicisi kimi fəaliyyətini dayandırmışdır. Nəzərə almaq lazımdır ki, vergi ödəyicisi kimi fəaliyyəti dayandırmaq telefonla 2 dəqiqəlik bir işdir. Yerində aparılan yoxlama ilə bağlı fotoşəkillər və videogörüntülər mövcuddur. Həmin görüntülərdən də, məlum olur ki, obyektdə qeyd olunan nöqsanlar aşkar edilmiş və bu şikayət vermiş şəxsə bildirilmişdir. Baş vermiş pozuntu ilə bağlı şikayət vermiş şəxsin VÖEN-nə əsasən vəzifəli şəxs qismində barəsində 23 noyabr 2023-cü il tarixdə protokol tərtib olunmuşdur. Yoxlama zamanı X3 obyektdə olmuşdur və tərtib olunmuş protokolu imzası ilə təsdiq etmişdir. Həmin vaxt vergi ödəyicisi kimi fəaliyyətini dayandırması barədə sənəd təqdim etməmişdir. VÖEN-i bağlanmış sahibkar vergi orqanına məlumat verməlidir. Vergi orqanı da gəlib fəliyyətini dayandırmalı idi. Bununla bağlı Konstitusiya Məhkəməsinin qərarı vardır. Qeyd olunanları nəzərə alıb X2 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin əsassız olduğu üçün təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 11/18 ünvanında fəaliyyət göstərən “Dönərzadə” ictimai iaşə obyektində keçirilən yoxlama zamanı E.coli mikroorqanizmi, həmçinin obyektin sanitar vəziyyətinin qeyri-qənaətbəxş olması aşkar olunmuşdur. X1 Azərbaycan Respublikası İXM-nin 447.0.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-32/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-32/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver