Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3203/2022 26.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami rayon polis idarəsinin 21 dekabr 2022-ci il tarixli 087-41307- 1222 nömrəli məktubu əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3cü maddəsi ilə olan inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, həmin material mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Göründüyü kimi, inzibati xətanın törədilməsi halında protokol tərtib edilməli və həmin protokolda zəruri məlumatlar göstərilməli, öz əksini tapmalı, protokol baxılması üçün materialla birlikdə məhkəməyə göndərilməlidir. Hansı ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə olan inzibati material baxılması üçün məhkəməyə göndərilərkən inzibati xəta haqqında protokol məhkəməyə göndərilməmişdir. Ümumiyyətlə, materialın göndəriş məktubuna əlavə edilən sənədlərin sırasında da protokolun materiala əlavə edilməsi öz əksini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bununla bağlı qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsində nəzərdə tutulan qaydada törədilməsi ehtimal edilən inzibati xətaya görə inzibati həbs nəzərdə tutulduğu halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə gətirilməmişdir. Xüsusən nəzərə alınmalıdır ki, məhkəmənin 05 iyul 2022-ci il və 28 noyabr 2022-ci il tarixli qərardadları ilə eyni xarakterli nöqsanlara görə material geri qaytarılsa da, həmin nöqsanlar aradan qaldırılmadan yenidən məhkəməyə müraciət edilmişdir ki, bununla da lüzumsuz yazışmalara yol verilməsinə şərait yaradılmışdır. Azərbaycan Respublikası İXM-nin 94.2-ci maddəsinə əsasən sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə sürücülük vəsiqəsi qaytarılmır. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərardan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət qurtaranadək, yaxud şikayət üzrə qərar qəbul edilənədək, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti uzadılır. Şəxs inzibati məsuliyyətə cəlb ediliyi İXM-nin 333.3-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi nəzərdə tutulsa da, sürücülük vəsiqəsi ondan götürülərək işə əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, məhkəmədə ictaat başlanmasına əsas verən inzibati xəta haqqında protokol təqdim edilmədiyi, bununla da təqdim edilmiş material natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı, o cümlədən törədilməsi ehtimal edilən inzibati xətaya görə inzibati həbs nəzərdə tutulduğu halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə gətirilmədiyi üçün və digər nöqsanlara görə material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə olan inzibati material Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3203/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3203/2022
26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver