Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-321/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: 04 dekabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki 23 iyun 2023-cü il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. İstinad olunan maddənin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Bakı Apellyasiya Məhkəməsinin, ərazi yurisdiksiyasına aid edilmiş Bakı şəhərinin rayon məhkəmələrinə ünvanlanmış “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə dair” 06 dekabr 2022-ci il tarixli 51/102 nömrəli metodik məktubunda qeyd edilmişdir ki, ...www.asanpay.az internet saytının “DYP cərimələri” bölməsində identifikasiya tipi üzrə “Protokolun nömrəsinə görə axtarış” edib inzibati xəta haqqında protokolun seriyası və nömrəsinə dair məlumat daxil etməklə inzibati xətanı törətmiş şəxs tərəfindən cərimənin və digər ödənişlərin ödənilib-ödənilməməsi barədə məlumat əldə etmək olar... Materialın məhkəmə icraatının mümkünlüyü məsələsi, istinad olunan metodik məktubda göstərilən qaydada yoxlanılarkən müəyyən edilmişdir ki, Şəxs, onun barəsində tətbiq olunmuş inzibati cərimə məbləğini və hesablanmış dəbbə pulunu ödəmişdir. Belə olan halda, hesab edirəm ki, işin hakim tərəfindən baxılmasını istisna edən hal mövcuddur, yəni baxılan iş üzrə inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas verən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə tətbiq olunan inzibati cərimə artıq ödənilmişdir, işin mahiyyəti üzrə baxılmasına əsaslar yoxdur, ona görə hazırkı mərhələdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi tətbiq edilməli və haqqındakı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə o, inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-321/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-321/2024
26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver