Məhkəmə qərarları › İş №3(007)-3213/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3213/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3213/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin YPX-nin inspektoru X1 iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs, barəsində Bakı şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 06 iyul 2025-ci il tarixdə, saat 08:08-də, idarə etdiyi “İsuzu NPR yük” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Özbəkistan küçəsində idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami Rayon Polis İdarəsinin DYPŞ-nin Yol Patrul Xidməti inspektoru A.A.Əliyev tərəfindən saxlanılmış və məlum olmuşdur ki, Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin YPX-nin inspektoru X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Şəxs 06 iyul 2025-ci il tarixdə, saat 08:08-də, idarə etdiyi “İsuzu NPR yük” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Özbəkistan küçəsində idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə onun və Bakı şəhər Nizami Rayon Polis İdarəsinin DYPŞ-nin Yol Patrul Xidməti inspektoru A.A.Əliyev tərəfindən saxlanılmış və məlum olmuşdur ki, Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib olunmuşdur. Qeyd olunan hadisədən bir müddət keçdikdən sonra sürücü iştirakı olmadan müəyyən edilməyən yerdə alkotesterdən keçərək sərxoşluğunun olmadığını bildirmişdir. Qeyd edir ki, hazırda əhalinin sərbəst əldə biləcəyi vasitələrlə nəfəsdən gələn alkoqolun qarşısını almaq mümkündür. Bu səbəbdən Şəxs etirazının əsaslandığı xüsusatların həqiqəti aşkar etməməsini nəzərə alaraq məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs tərtib olunmuş protokola etiraz edərək barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin araşdırma nəticəsində bildirmişdir ki, sərxoş vəziyyətdə avtomobili idarə etməsinə dair izahatı özü yazmış, həkim müayinəsindən həqiqətən də imtina etmişdir, izahatı yazmasını isə hüquqi savadının olmaması ilə əlaqələndirmişdir. Həmçinin məhkəmə iclasında Şəxs qeyd edilən izahatı yazarkən ona heç bir təzyiq göstərilmədiyini qeyd etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə tövsif olunmuşdur. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün istifadə edilmiş xüsusi texniki vasitənin nəticəsindən görünür ki, Şəxs 06 iyul 2025-ci il tarixdə saat 08:08-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,426 % olmuşdur. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə olunmasına dair 06 iyul 2025-ci il tarixli protokolda Şəxs tərəfindən yazılmış izahatından görünür ki, o, yalnız araq içdiyini etiraf etmiş, həkim narkoloji müayinəsindən imtina etdiyini göstərmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, o, 08:08 radələrində yol vərəqəsi əsasında idarə etdiyi İsuzu markalı yük avtomobili ilə hərəkətdə olduğu zaman YPX əməkdaşı onu saxlamış, ona yaxınlaşıb hüquq və vəzifələrini izah etmişdir. Daha sonra alkotestr vasitəsilə müayinə olunmuş, 0,4 promil göstərici aşkar olunmuşdur. Həmçinin təxminən 200-300 qram aralığında araq qəbul etdiyini bildirmiş, həkim narkoloq müalicəsinə dəvət olunmuş, ehtiyac olmadığı üçün təkrarən imtina etmiş, bildirir ki, xx.xx.2025-ci il tarixdə işlədiyi müəssisədə xidmətə başlayan zaman həkim müayinəsindən keçmişdir. Söz verir ki, bir daha spirtli içki təsiri altında avtomobil idarə etməyəcək. İzahatı özünün yazdığını və imzası ilə təsdiq etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Bundan başqa, məhkəmə inzibati xətalara dair qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarı ilə gəldiyi hüquqi mövqeyə əsasən qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır. Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, şəxsin barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar