Məhkəmə qərarları › İş №3(007)-3214/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3214/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3214/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2083/18 nömrəli, xx.xx.2028-ci il tarixli icra sənədinə əsasən , Şəxs lizinq obyekti olan 2014-cü il buraxılışlı “DAEWOO Gentra”markalı **-AC-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil "xxxx" ASC-yə geri qaytarılmalı, həmçinin Şəxs 5497, 85 əsas, 2896,11 mükafat, 6021,45 manat dəbbə pulu cəmi 14,415,41 manat borc və ödənilmiş 30,00 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Lakin borclu icra vərəqələrində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək borclu borcundan heç bir ödəniş etməmişdir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X3 tərəfindən 25 iyun.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, lizinq obyekti olmuş nəqliyyat vasitəsi lizinq şirkətinə geri verilmiş, qeyd olunan borcla bağlı isə hal-hazırda ödəniş etməyə imkanı yoxdur. Müdafiəçi məhkəmə iclasında bildirdi ki, hazırda borcunu ödəmək üçün Şəxs maddi imkanı yoxdur. Şəxs borc barədə məlumatlı olmamış, ona vaxt verilərsə, borcunu ödəyəcək. Bunun nəzərə alınmasını və borclu barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Nizami Rayonu İcra Şöbəsinin icra məmuru X3 məhkəməyə verdiyi izahatında borclu barəsində tərtib etdiyi protokolu müdafiə edərək bildirdi ki, məhkəmə icra sənədinin qəbul olunmasından uzun müddət keçməsinə baxmayaraq borclu icra sənədi üzrə tələbi və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Borclu qərəzli olaraq icra sənədlərinin icrasından yayınır. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, borcluya məxsus bank hesablarında vəsaiti, daşınar və ya daşınmaz əmlakı, yəni borclunun tutmanın yönəldilə biləcək əmlakı aşkar edilməmişdir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Nizami Rayon Məhkəməsinin 2(007)-2083/18 nömrəli, xx.xx.2028-ci il tarixli icra sənədinə əsasən , Şəxs lizinq obyekti olan 2014-cü il buraxılışlı “DAEWOO Gentra”markalı **-AC-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil "xxxx" ASC-yə geri qaytarılmalı, həmçinin Şəxs 5497, 85 manat əsas, 2896,11 manat mükafat, 6021,45 manat dəbbə pulu cəmi 14,415,41 manat borc və ödənilmiş 30,00 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, müvafiq icra sənədi üzrə Nizami rayon İcra Şöbəsinin icra məmuru Elman İsrafilov tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borclu Şəxs müvafiq icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X6 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar