Məhkəmə qərarları › İş №3(007)-3222/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3222/2022

29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3222/2022 29.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X2 “qanunsuz müəyyən edilmiş inzibati cərimələrin silinməsi” barədə ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X4 “qanunsuz müəyyən edilmiş inzibati cərimələrin silinməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi barəsində tərtib edilmiş inzibati xəta törədilməsi barədə protokollar əsasında cərimələrin silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizəni ona əlavə edilən sənədlərlə birlikdə nəzərdən keçirib, hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, inzibati işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılması üçün lazım olan şəxslər çağırılır. Qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında protokola deyil, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Bunun üçün isə, barəsində şikayət verilmiş qərarın mövcud olması və onun şikayətlə birlikdə məhkəməyə təqdim edilməsi zəruridir. Hansı ki, X4 qərarları deyil, protokolları mübahisələndirmiş, bu zaman isə şikayət verməmiş, ərizə formatında məhkəməyə müraciət etmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, X4 ərizə formatında olsa da, müraciətində faktiki olaraq mücərrəd sayda, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarları ümumilikdə mübahisələndirmişdir. Hansı ki, birdən artıq qərardan şikayətə bir icraatda baxıla bilməz, mübahisələndirilən hər bir qərar üzrə ayrılıqda şikayət verilməli və mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarı ilə aşağıdakı nəticəyə gəlmiş və qərar qəbul etmişdir: “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir”. X4 mücərrəd sayda, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarları tam olaraq təqdim etmədiyinə görə törədilməsi ehtimal edilən inzibati xətaların hansı inzibati ərazilərdə baş verdiyi müəyyən olunmur. Qərardan şikayət verən X4 isə, Bakı şəhəri, Nizami rayonunda yaşayır. Hansı ki, qərardan şikayət vermək hüququ olan şəxs yuxarıda qeyd edilənlərə uyğun olaraq, inzibati xətanın törədildiyi yer üzrə və yaxud vəsatətinə əsasən özünün yaşadığı yer üzrə məhkəməyə qərardan şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir; 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Bununla bağlı qeyd edilməlidir ki, X4 mübahisələndirdiyi qərarları rəsmi qaydada əldə etdikdən sonra, qərarları hansı tarixdə aldığını təsdiq edən sübutlarını, habelə qərarların rəsmi qaydada ona verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti buraxdığı halda, bunun üzrlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə hər bir qərara münasibətdə şikayətlə bağlı müddətin bərpasına dair vəsatət verməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, X1 ərizəsi geri qaytarılmalı, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarları rəsmi qaydada aldıqdan sonra, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ (hər bir qərar üzrə ayrılıqda) ona izah edilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq nəzərə alınmalıdır ki, X2 eyni məzmunlu ərizəsinin məhkəmənin 21 noyabr 2022-ci il tarixli 3(007)-2654/2022 nömrəli qərarı ilə geri qaytarılmasına və müvafiq nöqsanlar, onların həlli yolları barədə ətraflı izah olunmasına baxmayaraq, nöqsanları aradan qaldırmadan yenidən məhkəməyə müraciət etmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 “qanunsuz müəyyən edilmiş inzibati cərimələrin silinməsi” barədə ərizəsi geri qaytarılsın. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarları rəsmi qaydada aldıqdan sonra, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ (hər bir qərar üzrə ayrılıqda) X3 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar