Məhkəmə qərarları › İş №3(007)-3225/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3225/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3225/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1981-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 25/63, mənzil 31-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 25 aprel 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki 11 yanvar 2023-cü il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin nümayəndəsi gəlməmiş, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, verdiyi şikayət əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli qərarı ilə Nərimanov RPİ-nin DYPŞ-nin onun Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilməsinə dair 11 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq, həmin qərar DYPŞ tərəfindən elektron sistemdən silinmədiyi üçün barəsində hazırda əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Nərimanov RPİ-nin DYPŞ-nin 11 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarının surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat inzibati cərimə tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in portalından çıxarışdan görünür ki, Şəxs 11 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar üzrə 40 manat inzibati cərimə, 24 manat dəbbə olmaqla, 64 manat ödənilməmiş cəriməsi mövcuddur. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2023cü il tarixli 3(007)-575/2023 nömrəli qərarının surətindən görünür ki, Şəxs şikayəti təmin olunmuş, Nərimanov RPİ-nin DYPŞ-nin 11 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Nərimanov RPİ-nin DYPŞ-nin 11 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat inzibati cərimə tətbiq edilmiş, həmin qərar Şəxs tərəfindən mübahisələndirilərək şikayət verilmiş, onun şikayəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 3(007)-575/2023 nömrəli qərarı ilə təmin olunmuş, Nərimanov RPİ-nin DYPŞ-nin 11 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki sözügedən 11 yanvar 2023-cü il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi əsası ilə Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 25 aprel 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Sözügedən maddənin tələbinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Halbuki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs məhz ləğv olunmuş 11 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsinə görə barəsində inzibati xəta haqqında icraat başlanaraq, İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Belə olan halda isə qanuni əsaslar olmadığı üçün o, inzibati qaydada təqsirli bilinərək tənbeh edilə bilməz, əməlində inzibati xəta tərkibi yoxdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar