Məhkəmə qərarları › İş №3(007)-3233/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3233/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3233/2023 01.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş X4i İdarəsinin 30 may 2023-cü il tarixli, EQ seriyalı, 14779949 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin Baş X4i İdarəsinin 30 may 2023-cü il tarixli, EQ seriyalı, 14779949 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bununla yanaşı, X2 inzibati tənbeh vermə haqqında qərardan şikayətə onun yaşadığı yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmasına dair ayrıca yazılı vəsatət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə (hələ 1 ay qabaq da texniki baxış üçün orada olmuşdur) onun idarə etdiyi **-PX-*** dövlət qeydiyyat nişanlı, Kia Sportage markalı avtonəqliyyat vasitəsinin texniki baxış üçün müayinə mərkəzinə getmişdir. Lakin məhkəmə qərarları əlində olmasına baxmayaraq, texniki baxışdan keçməsinə imtina etmişlər. Səbəb ödənilməmiş cərimələrin olması göstərilmişdir (tənbeh vermə haqqında qərarlar ləğv edilmiş və iş üzrə icraata xitam verilməsinə baxmayaraq). Ona “Sənədin rəsmi verilməsinə dair kötük” adlanan sənəd verilmişdir. Hansı ki, orada qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmiş cərimələr göstərilmişdir. Bu sənədə əsasən imtina etmişlər. Orada şikayət ərizəsi yazmaq istəmişdir. Amma orada dəftərxana olmadığından rəsmi məktubla müraciət edə bilməmişdir. Onlar, bununla bağlı ona heç bir köməklik göstərə bilməyəcəklərini bildirmişlər. Dərhal Bakı şəhər BPİ X4 İdarəsinə yollanmışdır. Orada bir neçə əməkdaşla görüşmüşdür. Heç kim ona kömək etməmişdir. 108-ci otaqda əyləşən əməkdaşa məhkəmə qərarlarını göstərmiş və texniki baxışdan keçirmək istədiyini, lakin bu cərimələrə görə imtina edildiyini bildirmişdir. Həmin əməkdaş ona texniki baxışdan keçirmək üçün cərimələrin ödənilməsinin lazım olduğunu bildirmişdir. Buna etiraz etmiş, lakin etirazına heç bir əhəmiyyət verilməmişdir. xx.xx.2023-cü il tarixdə, Asan Pay sistemində, EQ 14779949 nömrəli protokolla (qərar № EQ ********), İnzibati Xətalar Məcəlləsinin 339.1-1. (Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə) maddəsi ilə müəyyən edilmiş 50 manat məbləğində cərimə edildiyi məlum olmuşdur. xx.xx.2023-cü il tarixdə EQ 14779949 nömrəli protokoldan şikayət yazmışdır. Şikayətinə cavab verilməmişdir. Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin, “Dövlət texniki baxışının keçirilmə qaydaları”nın 4.1 bəndində “Hər bir nəqliyyat vasitəsinə dövlət texniki baxışının keçirilməsi həmin nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra nəqliyyat vasitəsinin tipinin, modelinin, dövlət qeydiyyat nişanının, eləcə də şassi (rama), ban və mühərrik nömrələrinin, rənginin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilən qeydlərə uyğunluğunun yoxlanılması və axtarışda olan nəqliyyat vasitələrinin qeydiyyat sənədlərinin siyahısının tutuşdurulması ilə başlanır. Həmçinin Əsasnamənin 7.2. bəndində Nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə texniki baxışı keçirən orqanların vəzifəli şəxsləri, həmçinin nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərən təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Buna görə dəfələrlə “102” zəng mərkəzinə zəng edib şikayətini bildirmişdir. Azərbaycan Respublikasının Daxili işlər nazirinə online şikayət ərizəsi yazmışdır. Cərimələrin sistemdən silinməsi üçün aşağıda göstərdiyi vaxtlarda aidiyyəti yerlərə ərizə ilə müraciət etmişdir: xx.xx.2023-cü il tarixdə Nərimanov rayon DYPŞ-nin rəhbərliyinə aşağıdakı sənədlə - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-575/2023, xx.xx.2023-cü il tarixli qərarı-5 vərəq; xx.xx.2023-cü il tarixdə Bakı şəhəri BPİ X4 İdarəsinin rəhbərliyinə aşağıdakı sənədlə - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1439/2023, xx.xx.2023-cü il tarixli qərarı-4 vərəq; xx.xx.2023-cü il tarixdə Baş X4i İdarəsinin rəisinə aşağıdakı sənədlərlə - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-575/2023, xx.xx.2023-cü il tarixli qərarı - 5 vərəq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1439/2023, xx.xx.2023-cü il tarixli qərarı- 4 vərəq; xx.xx.2023-cü il tarixdə Nərimanov rayon DYPŞ-nin rəhbərliyinə aşağıdakı sənədlərlə - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-575/2023, xx.xx.2023-cü il tarixli qərarı-5 vərəq; Bakı Apellyasiya Məhkəməsinin 3(103)-917/2023, xx.xx.2023-cü il tarixli qərarı-3 vərəq; xx.xx.2023-cü il tarixdə Bakı şəhəri BPİ X4 İdarəsinin rəhbərliyinə aşağıdakı sənədlərlə - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1439/2023, xx.xx.2023-cü il tarixli qərarı - 4 vərəq və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3(103)-1056/2023, xx.xx.2023-cü il tarixli qərarı-2 vərəq; xx.xx.2023-cü il tarixdə Baş X4i İdarəsinin rəisinə aşağıdakı sənədlərlə - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-575/2023, xx.xx.2023-cü il tarixli qərarı-5 vərəq, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-917/2023, xx.xx.2023-cü il tarixli qərarı-3 vərəq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1439/2023, xx.xx.2023-cü il tarixli qərarı-4 vərəq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3(103)-1056/2023, xx.xx.2023-cü il tarixli qərarı-2 vərəq, texniki baxış zamanı verilən “Sənədin rəsmi verilməsinə dair kötük” 1 vərəq. “Vətəndaşların müraciətlərinə dair qanunvericiliyin 10-cu maddəsinə əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü müddətində baxılır.” Heç bir ərizəsinə (şikayətinə) bu günə kimi cavab verilməmişdir. xx.xx.2023-cü il tarixdə ona İXP ******* nömrəli protokol da yazılmış və məhkəməyə müraciət olunmuşdur. (Heç bir əsas olmadan) Qeyd olunanları nəzərə alaraq, EQ 14779949 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat verərək, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş X4i İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası DİN-nin Baş X4i İdarəsinin 30 may 2023-cü il tarixli, EQ seriyalı, 14779949 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Kia Sportage minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməklə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə inzibati xətanı törətməyə görə barəsində 50 manat cərimə tənbeh növü tətbiq edilmişdir; -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 3(007)- 575/2023 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nərimanov rayon polis idarəsinin X4i şöbəsinin X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilməsinə dair 11 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir; -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 3(006)- 1439/2023 nömrəli qərarından görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin X4i idarəsinin X1 Azərbaycan Respublikası İXM-nin 342.1.7-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair 12 mart 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 30-cu maddəsinin İİ hissəsinin 3-cü bəndində əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər; 30-cu maddəsinin İX hissəsinə əsasən bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar; X hissəsinə əsasən nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən bu Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə texniki xidmət göstərən texniki-təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, X2 26 may 2023-cü il tarixdə idarə etdiyi “Kia Sportage minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdan keçirmək üçün DİN-nin Baş X4i İdarəsinə tabe olan Müayinə mərkəzinə təqdim etmiş, lakin həmin vaxt barəsində qanuni qüvvəyə minmiş cərimənin mövcud olması əsası ilə nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsindən imtina edilmişdir. Hansı ki, X1 barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə iki ədəd inzibati tənbeh tətbiq etmə haqqında qərar olmuşdur, həmin qərarlar isə müvafiq olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 3(007)- 575/2023 nömrəli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 3(006)-1439/2023 nömrəli qərarları ilə ləğv edilmiş və iş üzrə icraatlara xitam verilmişdir. DİN-nin Baş X4i İdarəsinə tabe olan Müayinə mərkəzi tərəfindən isə, 26 may 2023cü il tarixdə işin bununla bağlı faktiki halları araşdırılmadan, X2 barəsində qəbul edilmiş cərimə qərarlarının qanuni qüvvəyə minib-minməməsi məsələsi araşdırılmadan, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilmiş, onların verilməsindən qanunsuz olaraq imtina edilmiş, bunun nəticəsində isə, X2 bundan bir neçə gün sonra, 30 may 2023-cü il tarixdə “nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməklə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə inzibati xətanı törətməyə görə” inzibati məsuliyyətə cəlb edilməsinə süni şərait yaradılmış, onun barəsində 50 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 törətmədiyi həmin xətaya görə təqsirli bilinməsinə yol vermək olmaz, onun əməlində İXM-nin 339.1-1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, onun əməlində 30 may 2023-cü il tarixdə törədildiyi ehtimal edilən İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmasına, bu xətanın törədilməsində təqsirli olmasına dair sübutlar müəyyən edilmədiyindən, qeyd olunan tarixdə tərtib edilən elektron qərar əsasında həmin şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz, ona görə də mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş X4i İdarəsinin X1 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə 50 manat məbləğində inzibati cərimə edilməsinə dair 30 may 2023-cü il tarixli, EQ seriyalı, 14779949 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar