Məhkəmə qərarları › İş №3(007)-3234/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3234/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3234/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin polis sahə rəisi X3 iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Nizami rayonu Polis İdarəsi 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsi-nin 24-cü Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə əldə edib istifadə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə inspektoru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün Bakı şəhəri, Nizami rayonu ərazisində saxlanılmış, müayinə zamanı onun sidiyində narkotik vasitə aşkar edilmişdir. Bu səbəbdən onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Qeyd olunanları nəzərə alıb, Şəxs barəsində ciddi tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, təxminən 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. Lakin sonuncu dəfə 1 ay bundan qabaq narkotik vasitələrdən istifadə etmişdir. Əməlindən çox peşmandır. Bunları nəzərə alaraq, barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inibati xətaya dair icraat aparılan şəxsin müdafiəçisi X5 çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sonuncu dəfə bir ay bundan əvvəl narkotik vasitədən istifadə etməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində sanksiyada nəzərdə tutulmuş daha yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi.i. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin keçirilməsi haqqında xx.xx.2024cü il tarixli, 1754 saylı aktdan görünür ki, Şəxs sidiyində MET, MOP aşkar edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4413 nömrəli rəyindən görünür ki, Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəli) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli tutma protokoluna əsasən Şəxs xx.xx.2024-cü tarixdə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli, 1754 saylı akt, xx.xx.2024-cü il tarixli, 4413 saylı tibbi rəy ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Bundan əlavə İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-nin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. İXM-nin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN İnzibati həbs olunan şəxslərin saxlanılma məntəqəsinə və Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə həvalə edilsin. Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X4 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar