Məhkəmə qərarları › İş №3(007)-3235/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3235/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3235/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Vəkil2 iştirakları ilə, xx xxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, İnzibati bina, ev 127-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi ev 33, mənzil 19-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 14 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs ondan, 12 aprel 2004-cü il təvəllüdlü X2 və 27 oktyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 04 iyun 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli 2(007)-279/2020 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, həmin icra sənədi üzrə 6120 manat pul vəsaitini tələbkarın xeyrinə ödəməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X4 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, məhkəmənin aliment tutulması barədə qətnaməsindən xəbəri olub, lakin tələbkarın özünə də bildirib ki, ödəniş etməyə imkanı yoxdur, çünki işləmir. O, hazırda Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayır, hesab edir ki, icra sənədi həmin rayonun icra şöbəsinə göndərilməlidir. Bundan başqa barəsində axtarış verilməsindən, apelyasiya məhkəməsinin qətnaməsinin çıxarılmasından xəbəri olmamışdır. O, vəkili ilə həmin qətnamədən kassasiya şikayəti verəcəkdir. Sonradan böyük qızı Pərvanə onu “Tiktok”da tapmış və görüşmüşlər, qızı ilə parkda görüşmüşlər, qızına vəziyyəti başa salmış, qızı demişdir ki, ondan heç nə istəmirlər. O, ikinci dəfə ailə qurmuşdur, himayəsində 05 iyun 2013-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır. Aliment borcunu hissə-hissə ödəyə bilər. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, məhkəmənin qətnaməsi 30 iyul 2020-ci il tarixdə çıxarılmasına baxmayaraq borclu uşaqların saxlanılması üçün olan aliment borcundan ödəniş etməmişdir. Tələbkar kimi icra sənədi üzrə borcun ödənilməsini tələb edir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Sözügedən maddənin tələbinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında göstərilənlərlə razılaşmayıb, qeyd edir ki, icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi qüvvədədir, qətnamənin icra üsulu və qaydası dəyişdirilməmişdir, icra sənədinin geri qaytarılması barədə tələbkarın ərizəsi yoxdur, əksinə, tələbkar icra sənədinin icra olunmasını tələb edir, icra hərəkətləri isə Bakı şəhəri Nizami rayon icra şöbəsində aparılır, icra sənədinin aidiyyəti üzrə göndərilməsi məsələsi də həmin icra şöbəsi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs himayəsində azyaşlkı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs məhkəmədə verdiyi izahatı və “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumatla müəyyən edilir ki, onun himayəsində 05 iyun 2013-cü il təvəllüdlü X5 adlı uşağı vardır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları, o cümlədən İXM-nin 30.2-ci maddəsinin tələbinə uyğun olaraq himayəsində on dörd yaşınadək uşağı olan qadın kimi barəsində inzibati həbs tətbiq edilməsinin mümkünsüzlüyünü nəzərə alıb, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, məhkəmə iclasında Şəxs hüquqları müqavilə əsasında vəkili tərəfindən müdafiə edildiyindən hüquqi yardım haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsı üçün əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar