Məhkəmə qərarları › İş №3(007)-3246/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3246/2021

27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3246/2021 27.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin axtarış üzrə inspektoru polis mayoru X2 tərəfindən tərtib edilmiş 07.12.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində (5 gün müddətində) məlumat təqdim edilməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, "xxxx" ASC-nin mülkiyyətində olan “Kamaz 6520 043” yük markalı ** JN *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən, 25.10.2021-ci il tarixdə saat 07:27-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin bildirişi ASC-nin ünvanına daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati orqanın nümayəndəsi naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir. İnzibati orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu iş üzrə icraat materialları ilə əlaqəli araşdırıb hesab edir ki, "xxxx" ASC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə olunmuş bildirişdən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin axtarış üzrə inspektoru polis mayoru X2 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış sorğuda heç bir tarix qeyd olunmamışdır. Bundan başqa, materiala əlavə olunmuş poçt xəbərnamələrinin surətindən görünür ki, xəbərnamədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən verilmiş sorğunun "xxxx" ASC-nin əməkdaşı olduğu məlum olmayan (adı və ata adı qeyd olunmamışdır) “Rüstəmov” soyadlı şəxs yalnız imza etmişdir. Göründüyü kimi, inzibati orqanın müvafiq sorğusunun hüquqi şəxsə rəsmi qaydada təqdim olunması və rəsmi qaydada qəbul edilməsi faktı təsdiq olunmur və məhkəmə baxışı zamanı da həmin faktı müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasında, hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin axtarış üzrə inspektoru polis mayoru X2 tərəfindən tərtib edilmiş 07.12.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol üzrə "xxxx" ASC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar