Məhkəmə qərarları › İş №3(007)-3257/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3257/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3257/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin İcra məmuru X6, Zərərçəkmiş şəxsin nümayəndəsi X5, müdafiəçi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Zaur Həmzəyev tərəfindən tərtib edilmiş 02 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tərəfindən müvafiq icra sənədlərinə əsasən yaranmış öhdəliklər vaxtında icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X11 izahatında bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclular Şəxs, X1 və Şəxs müştərək qaydada 11000 ABŞ dolları, 5030 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Borclu Şəxs tərəfindən icra sənədi üzrə 11200 manat ödəniş edilmişdir. Borclu keçən ilin sentyabr ayında hazırkı icra sənədi üzrə inzibati məsuliyyətə cəlb olunmuş, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, borcun yaranmasına səbəb torpaq sahəsinin qanunsuz alqısatqısı olmuşdur. Digər borclu X4 hər dəfə torpağı satıb ödəniş edəcəyini bildirmişdir. Torpağı satsa da, ödəniş etməmişdir. Xəstə olduğuna görə hər il müalicə almalıdır. İşləmir, həyat yoldaşı əvvəl işləsə də, hal-hazırda işdən çıxarılmışdır. Aldığı pensiyanın məbləği 312 manatdır. Həmin məbləğdən də 200 manat icra sənədi üzrə tutulur və ona hər ay cəmi 112 manat qalır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi X10 bildirdi ki, borc məbləğindən 11000 manat Şəxs Yayca oğlu tərəfindən ödəniş edilmişdir. Geriyə qalan borcun ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi izahatında bildirdi ki, X2 əməlində inzibati xəta yoxdur, çünki o, borc məbləğinin yarısını ödəmişdir. Şəxs xəstəliyi ilə bağlı ödəniş edə bilmir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-5038/2023 saylı qərarı ilə Şəxs 500 manat cərimə də olunmuşdur. Buna görə də Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Şəxs eyni icra sənədinə münasibətdə Bakı şəhər Nizami rayon Məhkəməsinin 3(007)-5038/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Həmin qərardan Şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-2081/2023 saylı qərarı ilə Bakı şəhər Nizami rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 3(007)- 5038/2023 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, protokol düzgün tərtib edilmədiyindən və materiallar natamam olduğundan, məhkəmə icraatı çərçivəsində isə tamamlanması mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Şəxs hazırki icra sənədi üzrə keçən ilin sentyabr ayında, yəni bir il ərzində inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi əvəzinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli hesab olunması üzrə tərtib olunmuşdur. Qanunvericiliyin tələbinə görə məhkəmənin inzibati xəta haqqında işə qısa müddət ərzində baxmalı olması nəzərə alınmaqla, həmin natamamlıqların məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material onu tərtib etmiş Bakı şəhəri Nizami rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar