Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3269/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsindən daxil olmuş 07 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs özgənin, yəni Azərbaycan Respublikası Baytarlıq X3 Baytarlıq klinikasının əmlakını qəsdən zədələyərək klinikaya az miqdarda, 250 manat məbləğində ziyan vurmuşdur. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokola dair material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 62.1-ci maddəsinə əsasən inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Materialın öyrənilməsi ilə aşkar olunmuşdur ki, törədilməsi ehtimal olunan inzibati xətaya münasibətdə zərərçəkmiş şəxs, dəymiş zərərin dəqiq məbləği müəyyən edilməmiş, o cümlədən buna dair sübutlar götürülməmişdir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 may 2023-cü il tarixli qərara görə, Şəxs 13 may 2023-cü il tarixdə saat 11:00 radələrində Azərbaycan Respublikası Baytarlıq X3 Baytarlıq klinikasında baş vermiş inzibati xəta hadisəsi zamanı kliniknın giriş qapısını təpikləmiş, bu zaman qapının şüşələrini və taxta çərçivələrini sındırmış, həmin əməli törətməklə klinikaya 250 manat məbləğində maddi ziyan vurmuşdur. Göründüyü kimi, inzibati xəta zamanı hüquqi şəxsə maddi zərər yetirilmişdir, lakin həmin hüquqi şəxs iş üzrə zərərçəkmiş qismində cəlb edilməmiş, inzibati araşdırma hüquqi şəxsin qanuni təmsilçisinin (rəhbərinin) və ya qanunla müəyyən edilmiş qaydada verilmiş etibarnamə əsasında nümayəndəsinin iştirakı olmadan aparılmış, o cümlədən inzibati araşdırmanın gedişində iştirak edən X1 şəxs olmasına dair sənədlər götürülməmişdir. Digər yandan, zərər yetirilmiş qapı hüquqi şəxsə məxsus olmaqla onun balansında, inventar olduğundan balans dəyəri də mövcuddur, ona görə də mütəxəssis cəlb edilərək qapının ümumi balans dəyərinə nisbətdə onun işlənməsi, digər xüsusiyyətləri nəzərə alınmaqla və zərərin həcmi müəyyən olunmaqla dəymiş maddi zərərin dəqiq həcmi çıxarılmalıdır. Qeyd olunmalıdır ki, həmin zərərin dəqiq məbləğinin (ziyanın mislinin) müəyyən edilməsi həm yuxarıda qeyd olunanlar baxımından zəruridir, həm də xətaya görə şəxsin təqsiri müəyyən olunaraq ona tənbeh verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuşdur ki, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli Qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin Qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı göstərilən qaydada inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş 07 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3269/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3269/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver