Məhkəmə qərarları › İş №3(007)-3271/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3271/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3271/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş 07 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokola dair material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında protokolun hakimə, məhkəməyə göndərilməsi nəzərdə tutulmuşdur, lakin 07 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol deyil, onun kserosurəti baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Materiala əlavə edilən sənədlərdən görünür ki, sübut qismində təqdim edilmiş sənədlər yalnız müvafiq qaydada təsdiq olunmamış kserosurətlərdən ibarətdir. Hansı ki, onlardan, operativ vergi nəzarətinin nəticələri haqqında aktın, sənədlərin və əşyaların götürülməsi haqqında qərarın və protokolun, eləcə də, hüquqi şəxsin rəhbərinin izahatının sübut əhəmiyyəti nəzərə alınmaqla, onların məhz əsilləri materiala əlavə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Göründüyü kimi, törədilməsi ehtimal edilən inzibati xətanın dispozisiyası məhz müvafiq tələblərin pozulması ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə müşayiət olunan inzibati xəta nəticəsində ziyan vurulmasını (gəlir əldə edilməsini) özündə ehtiva edir. İnzibati xəta haqqında protokolda isə xətanın mahiyyəti aşağıdakı kimi göstərilmişdir: “ Şəxs MMC VÖEN **********, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. ev 54, 1-ci mərtəbə, Q/Y sahəsi təsərrüfat subyekti üzrə xüsusi poçt xidmətinin xüsusi lisenziyasının əlavəsini almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur, sahibkarlıq fəaliyyəti dövründə 44380,44 manat zərərlə işləmişdir”. Protokolda törədilmiş xəta nəticəsində hüquqi şəxsin fəaliyyəti dövründə zərərlə işlədiyi göstərildiyi halda, belə xətanın İXM-nin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanın təsir dairəsinə düşüb-düşmədiyi ilə bağlı nəticəyə gəlinməsi də mümkün deyildir, gələcəkdə materialın məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən və iş mahiyyəti üzrə baxıldığı halda sual yaradacaq haldır. Bundan başqa, yoxlamanın hansı dövrü (illəri) əhatə etdiyi vergi orqanının qərarında, aktında və digər sənədlərdə öz əksini tapmadığına görə ziyanın məbləğinin məhz 44380,44 manat olmasının hansı qaydada müəyyən edildiyini aşkar etməkdə də çətinlik yaradır, xüsusən nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılıb hüquqi şəxsin təqsirlilik məsələsi həll edildiyi halda, bu, mühüm əhəmiyyət kəsb edəcək haldır, belə ki, maddənin sanksiyasında inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə nəzərdə tutulmuşdur, o baxımdan bu məbləğ dəqiq müəyyən edilməli, sual doğurmamalı, şübhə yaratmamalıdır. Həmçinin, İXM-nin 398-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsində həmin Məcəllənin 398-ci maddəsində nəzərdə tutulmuş əməlin xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduğunda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildiyində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olduğu nəzərdə tutulduğundan, məbləğin dəqiq müəyyən edilməsi xüsusi önəm daşıyır, sübutlarla öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı göstərilən qaydada inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə tərtib edilmiş 07 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar