Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3278/2022 30.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxx 1967-ci il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 73, mənzil 79-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsindən daxil olmuş 30 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 29 dekabr 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən məscidin yaxınlığında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, polislər onu gəlib evdən aparmışlar, o, Keşlə qəsəbəsində və ya həmin qəsəbədəki məsciddə olmamış, həmin yerdə də polislərin tələbinə tabe olmaqdan boyun qaçırmamış, onarı söyüb təhqir etməmişdir. Polislər onunla qərəzlidirlər, onun barəsində göstərdikləri yalandır. Onun səhhətində ciddi problemlər vardır, açıq ürək əməliyyatı keçirmişdir. İnzibati xəta törətmədiyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili X5 izahatında göstərmişdir ki, 29 dekabr 2022-ci il tarixdə saat 16:10 radələrində DİN-in 102 xidmətinə zəng edərək Keşlə məscidində, DİN-in yanında yerləşən məsciddə və metroya bir neçə şəxsin bomba qoyacağı barədə məlumat verilmişdir. Daxil olmuş məlumat əsasında Keşlə məscidinin yaxınlığına getmişlər, orada şəxsiyyətini sonradan müəyyən etdikləri Şəxs aşkar etmişlər. Həmin şəxsə özlərini təqdim edərək verdiyi məlumatla bağlı sorğu-sual etmişlər. Həmçinin, 102 xidmətinə zəng edən nömrənin sahibi də Şəxs olmuşdur. Həmin vaxt Şəxs içkili olması açıq-aşkar hiss olunmuşdur. Məlumatın araşdırılması ilə bağlı polis bölməsinə dəvət etsələr də, Şəxs onların qanuni tələblərinə tabe olmamış, əl-qol hərəkətləri ataraq getməkdən imtina etmişdir. Şəxs eyni zamanda onları nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Buna görə məcbur olub əlavə kömək dəvət edərək həmin şəxsi polis şöbəsinə aparmışlar, raportla müraciət edərək baş verənlərə dair şöbə rəhbərliyinə məlumat vermişlər, müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Həmin şəxs tibbi müayinəyə təqdim edildikdə sərxoş olması öz təsdiqini tapmışdır. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin 30 dekabr 2022-ci il tarixli 088-15239 nömrəli məktubundan görünür ki, Şəxs 29 dekabr 2022-ci il tarixdə saat 16:10 radələrində DİN-in 102 xidmətinə zəng edərək Keşlə məscidində, DİN-in yanında yerləşən məsciddə və metroya bir neçə şəxsin bomba qoyacağı barədə məlumatı əsasında 23-cü PB-nin əməkdaşları Keşlə məscidinin yaxınlığında olmuşlar, verilmiş məlumat təsdiqini tapmamışdır. Hazırda həmin məlumatla əlaqədar 23-cü PB-nin təhqiqatçısı tərəfindən araşdırma davam etdirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsin dəlillərini məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirməklə qeyd edir ki, onun izahatında göstərdikləri işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunur, işin icraatına xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. İşdə olan 29 dekabr 2022-ci il tarixli 2/34232 nömrəli protokoldan görünür ki, Şəxs tibbi müayinəsi zamanı onda orta dərəcəli alkoqol sərxoluğu müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsinə əsasən həmin halı inzibati xəta törətmiş Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, onun səhhətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmin maddənin tələbini, Şəxs baxılan işlə bağlı 29 dekabr 2022-ci il tarixdə saat 18:30-da tutulduğunu və hal-hazıradək tutmada saxlanıldığını nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat cərimə məbləğinin dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməli və o, dərhal azad olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə, barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3278/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3278/2022
30.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver