Məhkəmə qərarları › İş №3(007)-3290/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3290/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3290/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Ədliyyə Nazirliyindən almalı olduğu ekspertiza fəaliyyətinə icazə sənədi hesab olunan “özəl məhkəmə eksperti şəhadətnaməsini əldə etmədən, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xidmət müqaviləsi əsasında işləməsinə baxmayaraq, vergi ödəyicisi kimi dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan X3 "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “işə bərpa, əmək haqqı, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Yasamal Rayon Məhkəməsində baxılmış mülki iş üzrə məhkəmənin qərardadına əsasən gəlir əldə etmək məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası üzrə tədqiqat apararaq yekun nəticəyə gəlib rəy tərtib etmiş, həmin rəyi və ekspertiza tədqiqatının aparılmasına görə hesablanmış 600 manat məbləğində gördüyü işin dəyərini göstərən ekspertiza xərclərinə dair bildirişi müvafiq ödənişin olunması üçün Yasamal Rayon Məhkəməsinə göndərməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən xx.xx.2023-cü il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X2 bildirmişdir ki, X3 “Sanofı-Aventis Qrup” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı mülki iddiası üzrə məhkəmə baxışı zamanı "xxxx" MMC-nin işçisi Şəxs səlahiyyətləri olmadan mühasibatlıq ekspertizası keçirərək rəy verməsi barədə müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs Ədliyyə Nazirliyindən almalı olduğu ekspertiza fəaliyyətinə icazə sənədi hesab olunan “özəl məhkəmə eksperti şəhadətnaməsini əldə etmədən, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xidmət müqaviləsi əsasında işləməsinə baxmayaraq, vergi ödəyicisi kimi dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan X3 "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “işə bərpa, əmək haqqı, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Yasamal Rayon Məhkəməsində baxılmış mülki iş üzrə məhkəmənin qərardadına əsasən gəlir əldə etmək məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası üzrə tədqiqat apararaq yekun nəticəyə gəlib rəy tərtib etmiş, həmin rəyi və ekspertiza tədqiqatının aparılmasına görə hesablanmış 600 manat məbləğində gördüyü işin dəyərini göstərən ekspertiza xərclərinə dair bildirişi müvafiq ödənişin olunması üçün Yasamal Rayon Məhkəməsinə göndərməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Toplanmış material üzrə cinayətin əlamətlərini özündə əks etdirən hadisə müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, "Məhkəmə Ekspertizası Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xidmət müqaviləsi əsasında işləmiş və Yasamal Rayon Məhkəməsində baxılmış mülki iş üzrə məhkəmənin qərardadına əsasən məhkəməmühasibatlıq ekspertizası üzrə tədqiqat apararaq iş üzrə mütəxəssis rəyi vermişdir. Bakı şəhəri Nizami rayon prokurorluğu tərəfindən qəbul edilmiş qərarda tərəfindən Ədliyyə Nazirliyindən almalı olduğu ekspertiza fəaliyyətinə icazə sənədi hesab olunan "özəl məhkəmə eksperti şəhadətnaməsi"-ni əldə etmədiyi göstərilmişdir. O, ekspert rəyi deyil, mütəxəssis rəyi vermişdir ki, bu da qərarda göstərildiyi kimi "özəl məhkəmə eksperti şəhadətnaməsi"-ni əldə etməyinə ehtiyac yoxdur, çünki ekspert rəyi verilməmişdir. Bundan başqa Bakı şəhəri Nizami rayon prokurorluğu tərəfindən qəbul edilmiş qərarda "Məhkəmə Ekspertizası Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xidmət müqaviləsi əsasında işləməsinə baxmayaraq, vergi ödəyicisi kimi dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan rəy verdiyi göstərilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101.1-3-cü maddəsində göstərilmişdir ki, fiziki şəxslərin bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi bu Məcəllənin 101.1-ci və 101.1-1-ci maddələrində nəzərdə tutulan dərəcələrə uyğun olaraq hesablanır və aidiyyəti üzrə ödənilir. Bu Məcəllənin 150.1.3-cü və 150.1.7-ci (vergi orqanlarında uçota alınmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) münasibətdə) maddələri tətbiq edilərkən gəlir vergisi bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulan verginin dərəcəsi müvafiq olaraq pensiya alan və xidməti göstərən şəxsin gəlirlərinə tətbiq edilməklə hesablanır. Həmin Məcəllənin 150.1-ci maddəsində göstərilmişdir ki, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən, habelə muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə maddi yardım, mükafat, təqaüd verən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Göründüyü kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi dövlət qeydiyyatına (vergi uçotuna) alınmasına heç bir zərurət yoxdur və xidmət müqaviləsi əsasında göstərdiyi xidmətə görə ödəniş edildiyi təqdirdə ödəmə mənbəyində vergi tutularaq ödənilməlidir. Yəni indiki halda da əməlində hər hansı inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində göstərilib ki, Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əidə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xidmət müqaviləsi əsasında işləyib Yasamal Rayon Məhkəməsində baxılmış mülki iş üzrə məhkəmənin qərardadına əsasən məhkəmə-mühasibatlıq ekspertizası üzrə tədqiqat aparıb müvafiq mütəxəssis rəyi verilməsinə baxmayaraq bu günə qədər sözügedən iş üzrə "Məhkəmə Ekspertizası Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinə, öz növbəsində isə MMC tərəfindən ona hər hansı məbləğdə ödəniş edilməmişdir. Onun əməlində hər hansı inzibati xətanın tərkibi yoxdur və tərəfindən əldə edilmiş hər hansı gəlir yoxdur. Qeyd edilən xüsusatlardan da aydın olduğu kimi barəsində tərtib edilmiş protokol qanunsuz və əsassızdır. Qeyd olunanları nəzərə alaraq əməlində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 310 və 190-cı maddələrinin tərkibi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlnması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Nizami rayon prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, özəl ekspertiza fəaliyyəti ilə bağlı sənədlər tam təsdiq edilmədiyindən Ədliyyə Nazirliyi tərəfindən heç bir şəxsə və quruma fəaliyyətə icazə sənədi hesab olunan “özəl məhkəmə eksperti şəhadətnaməsi” verilməmişdir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanunun 11-ci maddəsinə əsasən, şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat “Məhkəmə Ekspertlərinin Reyestri”nə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. Reyestrə daxil edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş məhkəmə xərclərinə dair bildirişdən görünür ki, ekspert-mütəxəssis Şəxs tərəfindən aparılmış tədqiqatın dəyəri 600 (altı yüz) manat müəyyən edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Ədliyyə Nazirliyindən almalı olduğu ekspertiza fəaliyyətinə icazə sənədi hesab olunan “özəl məhkəmə eksperti şəhadətnaməsini əldə etmədən, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xidmət müqaviləsi əsasında işləməsinə baxmayaraq, vergi ödəyicisi kimi dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati xəta törətməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarı nəzərdən keçirib, proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində əldə edilmiş gəlirin iki misli miqdarında, yəni 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar