Məhkəmə qərarları › İş №3(007)-3303/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3303/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3303/2025 04.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X2 iclas katibliyi, X1 iştirakı ilə, Tabriz Dzhavadzadenin Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/1-112085 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/1-112085 nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən Tabriz Dzhavadzade İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 3(007)-2024/2025 saylı iş iizrə şikayətinə baxaraq inzibali xəta haqqında qərarın ləğv edilməsinə və işin yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməsinə qərar vermiş, lakin Baş Dövlət Yol Polisi İdarəsi işi yenidən araşdıraraq 3-13-16/1-112085 saylı qərarla əvvəlki protokolun qüvvədə saxlanılmasına qərar vermiş və eyni inzibali xətaya görə onu yenidən məsuliyyətə cəlb etmişdir. Qəti şəkildə 3-13-16/1-112085 saylı qərarla razı deyil, həmin qərar əsassız və ədalətsizdir. Bu araşdırma zamanı o, tərəf kimi prosesə dəvət edilməmiş, izahatı alınmamış və video görüntülər əsasında obyektiv qiymətləndirma aparılmamışdır. Bu isə onun müdafiə hüququnun və işə şəffaf baxılması prinsipinin pozulması deməkdir. 09 fevıal 2025-ci il tarixdə, qeyd etdiyi "Mercedes C-Class" markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtomobillə o, Abbas M.Şərifzadə küçəsi ilə hərəkət edərək General A.Abbasov küçəsi ilə kəsişməsindən dönmək qərarına gəlmiş, nəzarət olunan kəsişmədə svetoforun yaşıl işığı yanarkən dayanma (STOP) xəttini keçmiş, yol kəsişməsinə girib, qarşıdan gələn nəqliyyat vasitələrinin axının buraxmaq üçün dayanmışdır. Qarşıdan gələn nəqliyyat vasitələr keçdikdən sonra manevri tamamlayıb geriyə dönmüşdür. Dayanma xəttini keçmişdir svetoforun yaşıl işığı yanarkən. Qırmızı işıq bir müddət sonra (o artıq kəsişmədə olanda) yanmışdır. Protokolda qeyd olunub ki, o, inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq inzibati xəta törətmişdir. Lakin protokola əlavə edilən videoqeydiayyatda svetoforun qırmızı işığında dayanma (STOP) xəttini keçməsiylə bağlı heç bir sübut yoxdur. Video artıq yol ayrıcında olduğu andan başlayır. Hesab edir ki, bu, BDYPİ inspektorlar tərəfindən qəsdən edilib ki, videoda işıqforun yaşıl işığında dayanma xəttini keçməyi görünməsin. Protokol ilə tanış olduqdan sonra dərhal 902 xidmətinə zəng etmiş və şikayətini bildirmişdir. Təəssüf ki, həmin xidmət vasitəsilə cavab almaq mümkün olmamışdır. Bunun ardınca 102 xidmətinə müraciət etmişə və eyni zamanda Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi internet səhifəsində şikayət ərizəsi göndərmişdir. Eyni məzmunlu ərizə mailto:info@dyp.gov.azElektron ünvan elektron poçt ünvanına da göndərilmişdir. Heç bir yerdən cavab gəlmədiyinə görə 902-yə zəng etməyə davam etmiş və xx.xx.2025-də nəhayət ki, onun zəngini cavablayıb zəngdə olan operator ona demişdir ki, dayanma xəttini hansı işıqforda keçdiyini öyrənmək üçün videokamera qeydlərinə baxacaq. 30-40 dəqiqədən sonra ona təkrar zəng edəndə, həmin polis əməkdaşı onu əmin etmişdir ki, video çəkilişlərə görə, həqiqətən də, yaşıl işıqda dayanma xəttini keçmişdir. O da onu protokolun ləğv olunacağına və heç yerə getməyinə ehtiyac olmadığına inandırmışdır. Bir ay keçməsinə baxmayaraq, protokol hələ də qüvvədə idi və ləğv edilməmişdi. Gözləməmək qərarına gəlmiş, xx.xx.2025-ci il tarixdə BDYPİ baş idarəyə getmiş və bu protokoldan apellyasiya şikayəti vermiş, ərizə üzrə BDYPİ baş idarədə D-10793 nömrə ilə qeydə alınmışdı və icraçı A.Zahidov təyin edilmişdi. xx.xx.2025-də, saat 15:11 ona rəsmi cavab gəldi ki, araşdırma zamanı protokolun qüvvədə qalmasına qərar verilib. Gözləmədən dərhal BDYPİ baş idarəyə getmişdir ki, bu məsələni A.Zahidovla danışsın. Saat 16:00 o, BDYPİ baş idarədə olmuş, lakin A.Zahidov və onun şöbə rəisi idarədə olmadığından növbətçilər onu içəri buraxmamışlar. Ertəsi gün xx.xx.2025-də A.Zahidovu görmək üçün yenidən baş idarədəyə getmişdir. Protokolun sübutsuz şəkildə qüvvədə saxlanılmasının səbəbləri barədə sual verdikdə, cavab ala bilmədi və ona bu barədə heç bir əsaslandırma təqdim olunmadı, “Məhkəməyə get, qərardan apellyasiya şikayəti ver” - o ona bu qədər demiş, ondan başqa heç nə almamışdır. Ədalətə qovuşmağa çalışaraq Fikrət adlı rəhbərliyinin yanına getmişdir (A.Zahidovun şöbə rəisin müavini). Təəssüf ki, o da ona heç bir kömək etməmiş, o da onu məhkəməyə göndərmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/1-112085 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/1-112085 nömrəli qərara əsasən Tabriz Dzhavadzade xx.xx.2025-ci il tarixdə idarə etdiyi **-GD-*** dövlət qeydiyyat nişanlı “Mercedes” minik markalı nəqliyyat vasitəsi ilə svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş video materiala baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta hadisəsi həqiqətən törədilmişdir. Belə ki, “Mercedes” minik markalı, **- GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tabriz Dzhavadzade svetoforun qadağanedici işarəsi verilməsinə baxmayaraq öz hərəkətinə davam etmiş, bununla da İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İ hissəsinə əsasən yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İV hissəsinə əsasən svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İ hissəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin İV hissəsinə əsasən svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Tabriz Dzhavadzade xx.xx.2025-ci il tarixdə svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş, stop xətlərini keçərək dönmə əməliyyatını yerinə yetirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin mənasına görə sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xəttlər yoxdursa, yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir. Lakin yolda stop-xəttlər varsa, bu halda sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. İş materiallarında olan videogörüntüdən isə aydın olur ki, yolda stop-xətlər olmasına baxmayaraq sürücü Tabriz Dzhavadzade svetoforun qadağanedici siqnalını əsas tutmayaraq və siqnala əməl etməyərək öz hərəkətini davam etdirmişdir. Bu səbəbdən Tabriz Dzhavadzade barəsində qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi qərar, video material və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/1-112085 nömrəli qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar