Məhkəmə qərarları › İş №3(007)-3308/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3308/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3308/2025 01.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi Əfəndiyev Azər İlham oğlunun katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 94 ünvanı olan Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 33120,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından 09 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı vaxtdan 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 33120,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə 14 iyul 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, sözügedən mallar artıq ölkəyə idxal olunmuşdur. Bununla bağlı bəyannamə də mövcuddur. Lakin gömrük orqanının texniki səhvi nəticəsində kod yanlış yazılmışdır. Belə ki, dəyəri əvvəlcədən ödənilən malları kodu başqa, dəyəri sonradan ödənilən malların kodu başqa olduğu üçün texniki səhv nəticəsində köhnə kod vurulmuşdur. Tərəflərindən Gömrük İdarəsinə yanlış kodun düzəldilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə müraciət edilmiş, lakin müraciətə cavab verilməmişdir. Həmçinin müvəkkil bank kod səhv olduğu və düzəldilmədiyi üçün bəynannaməni təsdiq etmədiklərini bildirmişlər. Qeyd olunanları nəzərə alaraq Şəxs nümayəndəsi X1 məhkəmədən inzibati icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Protokol tərtib etmiş səlahiyyətli orqan - Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ilə müraciət edərək Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş **********4694 saylı gömrük bəyannaməsi üzrə qalıq 18120 ABŞ dolları təşkil edir (xx.xx.2024-cü il tarixdə qeyd olunan bəyannamə ilə 15000 ABŞ dolları ödəniş edilmişdir) və eyni zamanda bu bəyannamə üzrə malların dəyərinin ödənilmədiyi üçün (kod-120) vəsaiti ödəyən bank tərəfindən bağlanmamışdır. Bu səbəbdən təqdim edilən bəyannamənin müvafiq malların idxalını təsdiq edən sənəd kimi qəbul edilməməsini və MMC-nin inzibati qaydada tənbeh edilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı 13 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Şəxs tərəfindən 09 iyun 2023-cü il tarixdə 33120,00 ABŞ dolları məbləğində vəsait qabaqcadan ödəniş edilmiş, lakin 02 (iki) il tamam olmasına baxmayaraq həmin vəsait hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi X2 28 noyabr 2016-cı il tarixli, 45/1 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3 bəndinə və 4.3.1.3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 02 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Məhkəmə iclası zamanı MMC-nin nümayəndəsi qeyd olunan vəsait hesabına alınan malların ölkə ərazisinə idxal olumasını bildirsə də, bunu təsdiq edən bəyannaməni və digər sənədləri məhkəməyə təqdim etməmiş, məhkəməyə təqdim edilən bəyannamə isə müvəkkil bank tərəfindən təsdiq olunmamış, nümayəndənin qeyd etdiyi bəyannamədəki texniki səhv aradan qaldırılmamışdır. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, toplanmış sübutlarla onun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 25.5-ci maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 33120.00 ABŞ dollarının 20%-i məbləğində, yəni 6624.00 (altı min altı yüz iyirmi dörd) ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar