Məhkəmə qərarları › İş №3(007)-331/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-331/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-331/2022 01.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara şəhəri, H.Əliyev prospekti ev 29, mənzil 11-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, məhəllə 2405, ev 41-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsindən daxil olmuş 01 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarında 0,073 qram çəkidə narkotik vasitə olan heroin əldə edib saxlayaraq üzərində daşımış, 01 dekabr 2021-ci il tarixdə saat 01:35 radələrində Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən “Ay işığı” restoranının yaxınlığında saxlanılaraq 25-ci polis şöbəsinə aparılmış, orada üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibində saxladığı siqaret qutusunun içərisindən həmin çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin polis sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, belində olan ağrılara, bel yırtığına görə təxminən bir idir ki, arabir narkotik vasitələrdən istifadə edir. 08 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Nizami rayonundakı “maşın bazarı” adlanan ərazidə əvvəldən üzdən tanıdığı şəxsdən öz istifadə üçün 10 manata bir ədəd göy rəngli kağız bükümdə adını “kakos” kimi bildiyi narkotik maddə almışdır. Həmin maddəni sonradan istifadə etmək üçün üstündə saxlamışdır. 11 dekabr 2021-ci il tarixdə saat 01:35 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən “Ay işığı” restoranının yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş, onu polis şöbəsinə dəvət etmişlər. 25-ci polis şöbəsində üzərinə keçirilən baxış zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibində saxladığı siqaret qutusunun içərisindən həmin narkotik vasitəni çıxarıb təqdim etmiş və onu hansı qaydada əldə etdiyini bildirmişdir. Əməlindən səmimi peşmandır. Himayəsində üç uşağı vardır, biri ali məktəbdə oxuyur, digər ikisi yetkinlik yaşına çatmamışlar. Barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 11 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərində şəxsi axtarış zamanı narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür; -Məhkəmə-kimyəvi ekspertizasının 11 dekabr 2021-ci il tarixli 6/5468 nömrəli rəyindən görünür ki, təqdim edilmiş zərfdəki bir ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 4,015 qram ağ rəngli, narın kristalşəkilli maddə kütləsi limon turşusudur, bir ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,073 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin 0,033 qram qalığı qalmışdır; -Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısının 09 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısının 09 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,033 qram narkotik vasitə heroin maddi sübut qismində tanınaraq saxlanılması üçün Nizami RPİ-nin müvəqqəti saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”inə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs narkotik vasitəni könüllü surətdə təhvil verməmişdir, polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilərkən həmin maddə aşkar olunmuşdur, ona görə həmin şəxsin maddənin qeydində nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan narkotik vasitə məhv edilməli, inzibati xəta törədən fiziki şəxs olduğundan iş üzrə məhkəməkimyəvi ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Bundan başqa vəkilin 3 iş saatı müddətində göstərdiyi hüquqi yardıma görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hər saat üçün 6 manat miqdarında nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin MSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra 0,033 qram qalmış narkotik vasitə-heroin məhv edilsin. İş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf edilmiş 109 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar