Məhkəmə qərarları › İş №3(007)-333/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-333/2022

02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-333/2022 02.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi ev 45-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi ev 8, mənzil 66-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsindən daxil olmuş 01 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 01 fevral 2022-ci il tarixdə saat 17:40 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində, həmin tarixdə saat 18:00 radələrində 25-ci polis şöbəsinin inzibati binasında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X6 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs 01 fevral 2022-ci il tarixdə saat 17:40 radələrində M.Əliyev küçəsində polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb barəsində müvafiq tədbir görülməsi üçün 25-ci polis şöbəsinə gətirildikdən sonra, şöbənin inzibati binasında saat 18:00 radələrində Nizami RPİ-nin dövlət yol polisi şöbəsinin əməkdaşları İqrar Musayevin və Asifbəy Bayramovun ünvanlarına nalayiq ifadələr işlədərək onları söyüb təhqir etmiş, onların üstlərinə tərəf tüpürmüş, onun bu hərəkətlərinin qarşısının alınması mümkünsüz olmuş, Şəxs nizam-intizama dəvət etsələr də, bununla bağlı qanuni tələblərinə tabe olmaqdan imtina etmişdir. Məhkəməyə təqdim etdikləri videogörüntülərlə Şəxs yol verdiyi inzibati xəta öz təsdiqini tapır. Polis şöbəsinin inzibati binasında olduğu müddətdə Şəxs fiziki təsir göstərilməmiş, qanunsuz hərəkətə yol verilməmişdir. Protokol əsasında Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 01 fevral 2022-ci il tarixdə saat 17:30 radələrində idarə etdiyi avtomobillə H.Əliyev prospektində hərəkətdə olarkən yol polisinin işarəsi ilə avtomobilini saxlamışdır. O, avtomobilinin ön kapotunu açaraq polislərə yaxınlaşmış və hansı xətanı törətdiyini soruşmuşdur. Polislərdən biri demişdir ki, digər əməkdaş qayda pozuntusunu ona izah edəcək, manevr qaydasını pozduğuna görə barəsində protokol tərtib ediləcəkdir. Polislərdən biri mobil telefonu ilə onu çəkməyə başlamış, o, buna öz etiraz və iradını bildirmişdir. Sonra İqrar adlı polis əməkdaşı onun həyat yoldaşını çəkməyə başlamışdır. O, əsəbləşmişdir ki, onun həyat yoldaşını nə üçün videoya çəkirlər. Buna görə əsəblərini cilovlaya bilməyib polisləri təhqir etmişdir. Hazırda əməlindən peşmandır, polis əməkdaşlarının hər birindən üzr istəyir. Polis şöbəsində verdiyi izahatında onun döyülməsi barədə göstərdiklərini hirsli olduğu üçün yazmışdır, polis şöbəsində onu heç kim döyməmişdir. Həyat yoldaşının məhkəmə iclasında şahid qismində dindirilməsini və saxlanılan zaman qeydə aldıqları görüntüləri təqdim etməsini istəmir. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinin YPX inspektoru X1 izahatında göstərmişdir ki, 01 fevral 2022-ci il tarixdə Bakı şəhəri, M.Əliyev küçəsində xidmətdə olarkən “Ford Fusion” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol hərəkəti qaydasını pozub İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyini müəyyən edərək həmin avtomobilə saxla işarəsi vermişlər. Təlimata uyğun olaraq yaxınlaşıb özünü təqdim etmək istədikdə avtomobilin sürücüsü irəli sürmüş, sonra qəfləti tormoz verərək saxlamışdır. Sürücü bunu avtomobilinin nasaz olması ilə izah etmişdir. Sürücüdən sənədləri təqdim etməsini tələb etmişlər, sürücü avtomobilinə otursa da sənədləri verməkdən imtina etmiş, sonra demişdir ki, onların barəsində şikayət edəcəkdir. Bundan sonra sürücü və avtomobilin ön oturacağında oturan xanım onları mobil telefonla çəkməyə başlamışlar. Onlar izah etmişlər ki, yol hərəkəti qaydasını pozmuşdur, sənədləri təqdim etməlidir ki, barəsində protokol tərtib olunsun. Lakin sürücü onların qanuni tələbinə tabe olmayıb sənədlərini təqdim etməkdən imtina etmiş, həyat yoldaşının yanında onlara qarşı ucadan nalayiq söyüşlər işlətmiş, sonra avtomobildən düşərək qaçmağa başlamışdır. Sürücünün arxasınca qaçsalar da tuta bilməmişlər. Sonra sürücünün sözünə əsasən həyat yoldaşı avtomobilin kapotunu bağlamış, sürücü qaçaraq avtomobilinə oturmuşdur ki, sürüb həmin yerdən qaçsın. Bu müddətdə isə sürücü onların ünvanına nalayiq söyüşlər söyməkdə davam etmişdir. Bundan sonra sürücünün hərəkətlərinin qarşısını alaraq onu ərazi üzrə 25-ci polis şöbəsinə aparmışlar, orada da sürücü dayanmadan onların ünvanına nalayiq söyüşlər söyməkdə, nalayiq ifadələr işlətməkdə davam etmiş, onların üstlərinə tərəf tüpürmüşdür. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur, baş verənlərə dair raport yazmışlar, habelə akt tərtib olunmuşdur. Şəxs yol verdiyi hərəkətlər məhkəməyə təqdim edilmiş videogörüntülərdə öz əksini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinin YPX inspektoru X3, digər şahid A.İ.Bayramovla eyni məzmunlu izahat verməklə yanaşı əlavə olaraq göstərmişdir ki, xidmət yoldaşı Asifbəy Bayramov sürücü Şəxs yaxınlaşmış, qayda pozuntusunu izah edərək sənədləri verməsini tələb etmiş, lakin sürücü sənədləri verməkdən imtina etmişdir. Sonra sürücünün və onun yanında olan xanımın avtomobildə oturub mobil telefonla çəkiliş apardığını görüb yaxınlaşmış, demişdir ki, çəkilişi dayandırsınlar, şüşəni aşağı salsınlar ki, sürücünün barəsində yol hərərəkəti qaydasını pozduğuna görə protokol tərtib edilsin. Sürücü isə onların qanuni tələbinə tabe olmaq əvəzinə həyat yoldaşı olan xanınımın yanında ünvanlarına nalayiq söyüşlər söymüş, onları təhqir etmişdir. Sonra sürücü avtomobildən düşərək qaçmış, daha sonra avtomobilinin yanına gələrək oradan avtomobili ilə qaçmaq istəmiş, həmin yerdə onu saxlayaraq 25-ci polis şöbəsinə aparmışlar. Polis şöbəsində də sürücü öz qanunsuz hərəkətlərini davam etdirmiş, polsi əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq nalayiq ifadələr işlətmiş, lopa halında onların üstlərinə tərəf tüpürmüşdür. Xidmət müddətində ilk dəfədir ki, belə halla rastlaşır, hansı ki, sürücü Şəxs qeyd edilən hərəkətlərə yol vermişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə təqdim edilmiş bir ədəd CD diskdə olan videogörüntüləə baxış keçirilən zaman inzibati xəta haqqında protokolda qeyd edilən və şahidlərin izahatında göstərilənlərin öz təsdiqini tapdığı müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Şəxs 25-ci polis şöbəsində verdiyi izahatından fərqli olaraq məhkəmədə proses iştirakçılarının, o cümlədən müdafiəçisinin iştirakı ilə verdiyi izahatında əməlini etiraf edərək hazırda əməlindən peşman olduğunu, polis əməkdaşlarının hər birindən üzr istədiyini, polis şöbəsində verdiyi izahatında onun döyülməsi barədə göstərdiklərini hirsli olduğu üçün yazdığını, polis şöbəsində onu heç kimin döymədiyini göstərmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı iş üzrə inzibati qaydada 01 fevral 2022-ci il saat 19:30-da tutulmuşdur, ona görə inziabti həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 01 fevral 2022-ci il saat 19:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X5 "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar