Məhkəmə qərarları › İş №3(007)-3337/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3337/2021

27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3337/2021 27.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (İbragımov Gurban) oğlunun və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs (İbragımov Gurban) oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs (İbragımov Gurban) oğlunu 27.12.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin məktubu əsasında 23-cü PB-nə dəvət edən zaman PB-də iş fəaliyyətini pozaraq, polisə, dövlətə, millətçiliyə qarşı nalayiq ifadələr işlətmiş və polis əməkdaşının qanuni tələbinə tabe olmayaraq hərəkətlərini davam etmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı Ş.A.Kərimov tərəfindən 27.12.2021-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı X8 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş 24.12.2021-ci il tarixli məktub əsasında vətəndaş Şəxs PB-nə dəvət edən zaman o, PB-də aqressivləşərək dövlətə və millətçiliyə qarşı nalayiq ifadələr işlədərək təhqir etmişdir. O, Şəxs sakitləşdirməyə çalışaraq onu nalayiq ifadələr işlətməməyə və qanuni tələbinə tabe olmağa dəvət etmişdir. Lakin Şəxs onun qanuni tələbinə məhəl qoymayaraq onu təhqir etmiş, ona “dövlətin iti” demiş və dövlət hakimiyyəti əleyhinə yenidən təhqirlər, söyüşlər işlətmiş, həmçinin ona əl-qol hərəkətləri atmışdır. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (İbragımov Gurban) oğlu izahat verərək bildirmişdir ki, 24.12.2021-ci il tarixdə ev verilmiş 60 nəfər şəhid ailələrindən 30 nəfər Vergilər Nazirliyinə gedib qəbul şöbəsinə yaxınlaşaraq onları qəbul etmələrini bildirmişlər. Onlara gözləmələrini saat 1-də qəbul edəcəklərini bildirmişlər. Heç kimin çörək yemədiyini görüb, onlara tort, çay, kofe gətizdirmişdir. Saat 2-də kompüter gətirərək konfrans olacağını, baş idarə rəislərinin onları qəbul edəcəyini bildirmişlər. Sumqayıt İnzibati Məhkəməsində işləri var, ayın 20-də məhkəmə olmuş, ona, oğluna və qardaşına cəmi 2 milyon 500 min cərimə yazmışlar. Bildirdik ki, “cənab Prezident öz yubileyini gedib, Qarabağda, Şuşada qeyd edib, qaçqınları qarşılayıb, biz də cənab Prezidentin yubileyi günü gəlmişik ki, bəlkə bizə də köməklik edərlər.” Sonra bir nəfər gələrək bu gün alınmadığını, sonra gəlmələrini bildirmişdir. Şəhid ailələri hamısı ayağa qalxaraq bildirmişlər ki, “əgər qəbul olmayacaqdısa niyə bizi saxlayırdınız, bu gün qəbulun olmayacağını bildirərdiz, biz də çıxıb gedərdik.” Sonra onlara bildirmişlər ki, “yaxşı, gözləyin”. Sonra polis əməkdaşları gəlmişlər. O, nazirliyin işçisinə “polis çağırmısınız?” demişdir. Polis əməkdaşı ona rəis olduğunu demişdir. Sonra onlar koridora çıxmışlar, rəis onu çağıraraq “Qurban, dəstəni yığ get, biz imkan yaradacayıq, nazirlə görüşəcəksiniz” demişdir. Onlar da getmişlər. Sonra sahə rəisi ona zəng edərək “sabah saat 9-da bölmədə ol” demişdir, o, şəhid ailələri və veteranlarla birlikdə gələcəyini bildirmişdir. Polis bölməsinə gəlmiş, polis əməkdaşlarından biri onu arxadan tutub sıxmış, digəri isə boğazından tutmuşdur. Onun təzyiqi, şəkəri qalxmış, halı pisləşmişdir, təcili tibbi yardım gəlmişdir. O, heç kimi təhqir etməmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı X4 izahat verərək bildirmişdir ki, sahə inspektoru Kərimov Şayiq vətəndaş Şəxs Dövlət Vergi Xidmətinə gedib orada səs-küy salması ilə bağlı material olduğunu bildirmişdir. Şəxs bölməyə tək gəlmişdir. Şəxs bölmədə onların qanuni tələblərinə tabe olmamış, polis əməkdaşlarını nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Məhkəmə iclasında şahid X1 izahat verərək bildirmişdir ki, Qurban onun qonşusudur. Qurban ona köməklik etmiş, 2 dənə ev tikib vermiş, o, həmin evləri kirayə verərək dolanır. Qurbanın və onun ailə üzvlərinin cərimələnməsi ilə bağlı nazirliyə getmişlər. Saat 10-dan 4-ə kimi onları gözlətmişlər, lakin onları heç kim qəbul etməmişdir. Onlar məcbur olaraq səslərini qaldıraraq onları nə səbəbə 7 saat gözlətdiklərini bildirmişlər. O, bölmədə olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 27.12.2021-ci il tarixli tutma protokolundan görünür ki, Şəxs (İbragımov Gurban) oğlu 27.12.2021-ci il tarixdə saat 10:10-da inzibati qaydada tutulmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə ünvanlanmış 24.12.2021-ci il tarixli, **********155200 nömrəli məktubdan görünür ki, 24.12.2021-ci il tarixdə Şəxs və Üzeyir İbrahimov özlərini müharibə iştirakçıları və şəhid ailələri kimi təqdim edən bir qrup şəxslərlə (20 nəfərə qədər) bərabər qəbul ilə əlaqədar olaraq Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 155 ünvanda yerləşən inzibati binaya yaxınlaşmışlar. Qəbula məsul şəxslər və aidiyyəti vəzifəli şəxslər tərəfindən onlara müvafiq məlumatlar verilmiş, bütün bunlara baxmayaraq həmin şəxslər ictimai asayişi və iş rejimini pozmuşlar. Müvafiq məsələ ilə bağlı lazımi köməklik göstərilməsi xahiş edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs (İbragımov Gurban) oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs (İbragımov Gurban) oğlunun hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (İbragımov Gurban) oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs (İbragımov Gurban) oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı Şəxs (İbragımov Gurban) oğlunun tutulduğu vaxtdan, yəni 27.12.2021-ci il tarixdə saat 10:10-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 2 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 12 manat (2x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X5 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1965-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs (İbragımov Gurban) oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 27.12.2021-ci il tarixdə saat 10:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X7 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (İbragımov Gurban) oğluna məhkəmədə 2 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X5 12 (on iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar