Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-334/2022 17.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı Nəqliyyat Agentliyinin 27 yanvar 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı Nəqliyyat Agentliyinin 27 yanvar 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı Nəqliyyat Agentliyi tərəfindən ərazidə olan müşahisə kamerası vasitəsi ilə İXM-nin 346.2-ci maddəsinə əsasən 40 manat məbləğində elektron cərimə olunmuşdur. İXM-nin 122-ci maddəsi hansı pozuntuların foto və video qeydiyyat funksiyalarına malik xüsusi texnikivasitələrin köməyi ilə aşkar edilməsi ilə bağlı maddələri göstərmişdir. Bunlar, 327.1-327.5, 328, 329.1, 329.2, 330, 346.3, 346-1.5, 353.2 və 469.3-cü maddələridir. Dayanma və durma qaydalarının pozulması isə 346-cı maddədir. Bu maddələr arasında 346.2 maddəsi yoxdur. Bakı Nəqliyyat Agentliyinin qanunsuz olan BNA ******* saylı elektron qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Nəqliyyat Agentliyinin 27 yanvar 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, “Hikvision” markalı, DS-2DF8236İX-AELW(BNA) modelli planşetin (bort kompyuterin) qeydə aldığı fotoşəklə əsasən Nizami rayonu, Qara Qarayev prospekti, “Laçın” ticarət mərkəzinin yanında 27 yanvar 2022-ci il tarixdə saat 09:52:16-da ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına görə, “Mercedes Benz C180 minik” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Qərardan şikayət vermiş X1 ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında, 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda nəqliyyat vasitəsini dayandırması və durması işdə olan “Hikvision” markalı, DS- 2DF8236İX-AELW(BNA) modelli planşetin (Bort kompyuterin) qeydə aldığı fotoşəkillər, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinə əsasən dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanma qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Təlimat”ın təsdiq edilməsi haqqında 4 mart 2019-cu il tarixli 73 nömrəli Qərarının 5.1.3-cü bəndinə əsasən cibli dayanacaq məntəqəsi sürət həddinin və nəqliyyat axının yüksək, yolun ensiz olduğu yerlərdə təşkil edilir. Cibli dayanacaq məntəqəsi minimum 19 metr giriş, 25 metr dayanma və 25 metr çıxış sahəsindən, ümumilikdə 69 metrdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X2 istifadəsində olan “Mercedes Benz C180 minik” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və durma üçün müəyyən edilmiş tələbləri pozduğuna görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən, yəni Nizami rayonu, Qara Qarayev prospekti, “Laçın” ticarət mərkəzinin yanında 27 yanvar 2022-ci il tarixdə saat 09:52:16-da ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında, 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda öz nəqliyyat vasitəsini dayandırmaqla müşayiət edilən hərəkətinə görə inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməlidir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 124.5 və 124.6-cı maddələri üzrə aparılır, bu baxımdan Bakı şəhəri ərazisində quraşdırılmış və sözügedən Agentlik tərəfindən nəzarət olunan müşahidə kameraları ilə qeydə alınmış dayanma və durma qaydalarını pozan sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin həmin kameralar vasitəsi ilə aşkar olunması, inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar olunmasını təsdiq edən haldır, ona görə də belə xətalara dair işlərin icraatı Azərbaycan Respublikası İXM-nin 124-cü maddəsinin tələbləri əsasında aparılır ki, hazırkı iş üzrə inzibati araşdırma da həmin qaydada aparılmışdır, ona görə qərardan şikayət vermiş şəxsin irəli sürdüyü dəlillər qeyd olunan hissədə də əsassızdır. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 27 yanvar 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin 27 yanvar 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-334/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-334/2022
17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver