Məhkəmə qərarları › İş №3(007)-3346/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3346/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3346/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, X2 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ19974714 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla yanaşı, X1 qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət vermiş və bildirmişdir ki, AR DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkivnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ19974714 nömrəli qərarla İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 40 (qırx) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Bundan sonra tərəfidən həmin qərardan şikayətlə məhkəməyə müraciət olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- 3135/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə tərəfindən verilmiş şikayət məhkəmə qaydasında mübahisələndirdiyi qərarı rəsmi qaydada hansı tarixdə aldığını təsdiq edən sübutun məhkəməyə təqdim edilməməsi səbəbi ilə geri qaytarmışdır. Lakin onun hüquqi savadı olmadığından, eyni zamanda qanunvericiliyin tələblərini bilmədiyi üçün barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19974714 nömrəli qərarı rəsmi qaydada hansı tarixdə aldığını təsdiq edən sübutun şikayətə əlavə edilməli olduğunu bilməmişdir. Buna görə də sözügedən qərarı hansı tarixdə aldığını təsdiq edən sübutu şikayətə əlavə etməmişdir. Yalnız Nizami Rayon Məhkəməsinin 3(007)-3135/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə tanış olduqdan sonra qanunvericiliyin tələblərinə əsasən xx.xx.2024-cü il tarixli, EQ19974714 nömrəli qərarı rəsmi qaydada hansı tarixdə aldığını təsdiq edən sübutun şikayətə əlavə edilməli olması barədə məlumat əldə etmişdir. Eyni zamanda AR DİN-in BDYPİ-nin Mərkəzi-Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 19974714 nömrəli qərar tərəfindən müvafiq müraciət edildikdən sonra xx.xx.2024-cü il tarixdə elektron poçt vasitəsi ilə göndərilmişdir. Hazırda isə həmin qərarın ona çatmasını təsdiq edən sübutu şikayətə əlavə edərək, yenidən məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd etmiş olduğum xüsusatlardan açıq-aydın görünür ki, sözügedən qərardan şikayətin verilməsi üçün qanunvericilidə nəzərdə tutulmuş prosessual müddət üzürlü səbəblərdən dolayı ötürmüşdür. Qanunvericilik buraxılmış müddətin bərpa edilməsinə dair üzrlü səbəblərin dairəsini müəyyənləşdirmir və bunu məhkəmənin öhdəsinə buraxılır. Məhkəmə müddətin bərpasına dair ərizəyə baxarkən üzrlü səbəbləri aydınlaşdırır və pozulmuş maddi və prosesual hüquqların müdafiəsinə şərait yaradır. Bütün bunları nəzərə alaraq qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Vəsatət vermiş tərəf məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəsatəti və şikayəti digər iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təmin edilməməli və şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyinə görə, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da, öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə, işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İXM-nin 132ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. İstinad olunan maddənin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, ... inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir; 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il qərarına görə, “atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar”. Vəsatətin müzakirəsi zamanı, eləcə də şikayətdən və ona əlavə edilən sənədlərdən müəyyən olunmuşdur ki, X3 mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərardan şikayəti xx.xx.2024-cü il tarixdə vermişdir. Bu zaman o, vəsatətində, barəsindəki inzibati tənbeh vermə haqqında qərarın surətini 15 may 2024-cü il tarixdə aldığını, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətə qərarı nə vaxt almasını təsdiq edən sübutu əlavə etmədiyindən şikayətinin geri qaytarıldığını bildirmiş, hüquqi savadı olmaması səbəbindən qanunla nəzərdə tutulmuş şikayət vermə müddətini buraxdığını göstərmiş, lakin qərarın daha əvvəl Azərbaycan Respublikası İXM-nin 57.6-cı maddəsində müəyyən edilmiş qaydada ona çatdırılmadığını (almadığını) təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, X2 buraxılmış prosessual müddətin bərpasına əsas kimi irəli sürdüyü dəlillər qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılmış kimi qəbul edilməsinə əsas ola bilməz, hüquqi müəyyənlik prinsipi ilə uyğunluq təşkil etmir, bu hal İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına dəlalət edir. Belə olan halda, məhkəmə hesab edir ki, 16 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzürlü səbəbdən buraxılmış hesab olunaraq həmin müddətin bərpa edilməli olması barədə qənaətə gəlinməsi üçün qanuni əsaslar yoxdur, X2 bununla bağlı vəsatəti təmin edilməməlidir. Qərardan şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddət ötürüldüyü, bərpası üçün əsaslar müəyyən edilmədiyi halda isə, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsi həll olunmadığından işin mahiyyəti üzrə baxılmasına keçid edilə, qərarın əsaslı olub-olmaması ilə bağlı məsələ müzakirə oluna və qərara yenidən baxıla bilməz, ona görə şikayət icraata qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 57, 126, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ19974714 nömrəli qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilməsin, həmin vəsatət təmin edilmədiyindən mübahisələndirilən qərardan şikayət məhkəmənin icraatına qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar