Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3349/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanın qarşısında, küçədə polis əməkdaşlarının ünvanına nalayiq sözlər deyərək, onların qanuni tələblərinə məhəl qoymayıb, tabesizlik etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X2 protokolların məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, anası, bacısı və bacının uşaqları ilə birlikdə yaşayır. Bacısı işləmir, ailəsinə o baxır. Anası ilə ailə daxilində mübahisələri olub, bu hər ailədə olan bir haldır. Anası onun başının tacıdır, ona zərər verməz. O, evdə olan balta ilə çürük ağacları kəsir. O, həm taksi fəaliyyəti ilə məşğuldur, həm də usta kimi işləyir. Lakin bıçaq ona aid deyil. Geyimi yaxşı vəziyyətdə olmadığı üçün yataq otağına daxil olub, geyimini dəyişmək istəyirdi. Qeyd edilənlərə əsasən məhkəmədən ona həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X6 izahatında Şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis sahə rəisi, polis kapitanı X8 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə bir nəfər şəxsiyyəti məlum olmayan şəxs “102” xidmətinə zəng edərək, qonşuluqdakı P.Fərzəliyev küçəsi 39 ünvanında mübahisə olduğu haqqında məlumat verib. Dərhal əməliyyat qrupu yığıldı və post patrul xidmətinə hadisə yerinə yaxınlaşmaqları haqqında məlumat verildi. Hadisə yerinə yaxınlaşanda bir qadın qucağında körpə uşaqla H.Əliyev prospektinə doğru qaçırdı. Həmin qadın onlara ünvanı göstərdi. Onlar həmin ünvana çatanda gördülər ki, qonşular küçəyə çıxıb və səs-küy səsləri eşidilir. Hətta evin həyətinə stul atılıb və stul parçalanıb. Evə daxil olarkən Şəxs anasının, gəlinləri olduğu deyilən qadının ağladığını və Şəxs qışqırdığını gördülər. Onu sakitləşdirməyə çalışıblar. Evdə əşyalar yerdə idi, evin qapısına yumruq vurulmuşdu. Onlar çətinliklə həmin şəxsi evin həyətinə çıxartdılar, şəxs isə evin yataq otağına daxil olmağa çalışırdı. Sonra həmin şəxsə üzərindəki əşyları çıxartmağı bildirdilər, o isə cibindən bi ədəd telefon və açar çıxartdı. Onu avtomobilə əyləşdirməyə çalışanda, bundan imtina etdi, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr səsləndirməyə başladı. Sonra onu avtomobilə əyləşdirdilər. Bundan sonra onlar evin yataq otağına daxil oldular. Yataq otağında yerdə balta, bıçaq gördülər. Anasından hadisə haqqında soruşanda dedi ki, oğlu onu bir qadınla aralarında olan münasibətlərin korlanmasında ittiham edir və özünü də, onu da balta ilə öldürəcəyi ilə hədələyir. Sonra həmin şəxs polis bölməsinə gətirdilər, bu zaman şəxs yol boyunca onları təhdid edib. Anası da polis bölməsində oğlundan şikayətçi olmadığını bildirdi. Şəxs anası işləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin tətqiqatçısı, polis baş leytenantı X7, şahid X8 eyni məzmunlu izahat vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs xırda xuliqanlıqla bağlı əməli Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin təsiri altına düşmür. Belə ki, sözügedən maddənin tələbinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Hansı ki, məhkəmə tədqiqi ilə müəyyən olunmuşdur ki, Şəxs ünvan 2 ünvanında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla müşayiət edilən hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin təsiri altına düşür, əməlin eyni zamanda xırda xuliqanlıq kimi qiymətləndirilərək İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Şəxs anasının izahatı alınmamış, o, 23-cü polis bölməsində oğlu Şəxs şikayətçi olmadığını bildirib. Şəxs ilə anası arasında olan mübahisə isə ailə daxili mübahisə olmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Bununla yanaşı, məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək barəsində tənbeh təbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən Azərbaycan Respublikası İXMnin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbsinin başlanğıcı tutulduğu vaxtdan, yəni 07 iyul 2024-cü il saat 20:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin hüquqi yardıma görə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 07 iyul 2024-cü il saat 20:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №3(007)-3349/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3349/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver