Məhkəmə qərarları › İş №3(007)-3355/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3355/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3355/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin onun barəsindəki 29 dekabr 2019-cu il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X3 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin onun barəsindəki 29 dekabr 2019-cu il tarixli, MN ******* saylı qərarının ləğv olunmasını xahiş etmişdir. Bununla yanaşı, X1 qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət vermiş, qərarın olmasında xəbərsiz olduğunu, bildirişlərdə ünvanın səhv göstərildiyini, icraçılar ona bildirdikdə qərardan məlumatı olduğunu bildirmiş və 29 dekabr 2019-cu il tarixli qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə vəsatəti, şikayəti digər iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyinə görə, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da, öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə, işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İXM-nin 132ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. İstinad olunan maddənin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, ... inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir; 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il qərarına görə, “atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar”. Əvvəla qeyd edilməlidir ki, X1 qərardan şikayəti və prosessual müddətin bərpa olunmasında dair vəsatəti xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(007)-2817/2024 nömrəli qərardadı ilə X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin onun barəsindəki 29 dekabr 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilməmiş, həmin vəsatət təmin edilmədiyindən mübahisələndirilən qərardan şikayət məhkəmənin icraatına qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılmışdır. Göründüyü kimi, X3 tərəfindən eyni qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasına dair vəsatətə artıq məhkəmə qaydasında baxılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 29 dekabr 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət icraata qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 57, 126, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 29 dekabr 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar