Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3369/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 13 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 13 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bununla yanaşı, X2 həmin inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət vermiş, məhkəmənin 16 iyul 2024-cü il tarixli qərardadı ilə qeyd olunan vəsatət təmin edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli qərarından göründüyü kimi ona 80 manat cərimə yazılıb. Cərimənin xx.xx.2024-cü il tarixdə yazıldığına baxmayaraq qərar ona bir ay altı gündən sonra göndərilib və həmin günə qədər ona yazılı və ya şifahi məlumat verilməyib (mesaj, bildiriş və s.). Bütün bunlar qanunsuz olduğuna görə xx.xx.2024-cü il tarixdə şəhər DYP-nə müraciət etmişdir. Ona bildirmişlər ki, artıq sistemdə görüntülər silinib və onlar ona heç bir cavab verə bilməmişlər. Bu cərimə ona səhv yazılmışdır. O, son üç ildə ümumiyyətlə heç bir yol hərəkəti qaydasını pozmamışdır. Özü təqaüdçüdür, oğlu Əliyev Gündüz müharibə iştirakçısıdır. Göstərilənlərə əsasən, barəsində çıxarılmış 13 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, onun inzibati xətanın törədilməsində təqsiri olmadığını nəzərə alaraq, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, mübahisələndirilən qərarın qəbul olunmasına əsas olan materialları (sübutları), habelə, X1 Baş Dövlət Yol Polis İdarəsinə müraciət edib-etməməsinə, müsbət halda araşdırmanın nəticələrinə dair məlumatları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən (xətanın törədildiyi dövrdə qüvvədə olmuş) svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 59-cu maddəsinin İ hissəsinə əsasən yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir; 60-cı maddəsinin İ hissəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir; 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Lakin məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, inzibati araşdırma X1 iştirakı olmadan aparılmış, onun İXM-nin 61.1-ci maddəsində nəzərdə tutulan hüquqları, o cümlədən izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq və sair hüquqları təmin edilməmişdir. Ona görə də, qərardan şikayət vermiş X1 02 may 2024-cü il tarixdə saat 11:42-də ünvan 1 ünvanında “Nissan Patrol minik” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmək”lə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsini təsdiq edən sübutlar toplanıb tədqiq edilmədən, yalnız ehtimallar əsasında o, təqsirli bilinərək inzibati qaydada tənbeh olunmuş, bununla da həmin qərarın qəbul olunması ilə şəxsin hüquqları pozulmuşdur. Məhkəmə bu zaman nəzərə alır ki, İXM-nin 115-ci maddəsinin ziddinə olaraq iş üçün nühüm əhəmiyyət kəsb edən faktiki halların qəbul edilən inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli orqanın (vəzifəli şəxsin) İXM-nin 8, 75 və 76-cı maddələrinin tələblərinə zidd olaraq inzibati xəta törətmiş şəxsin təqsirliliyini sübut etmək vəzifəsini yerinə yetirmək üçün gəlməyərək sübutları təqdim edib onların tədqiqində iştirak etməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, həmin səlahiyyətli orqan (vəzifəli şəxs) iş üçün əhəmiyyətli halları sübuta yetirməmişdir. Ona görə məhkəmə hesab edir ki, X2 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyrimümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra şəxsin təsirlilik məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X1 barəsindəki 13 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, 02 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsindəki 13 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, 02 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3369/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3369/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver