Məhkəmə qərarları › İş №3(007)-337/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-337/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-337/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, 04 yanvar 1980-ci il tarixdə anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 124-də müvəqqəti qeydiyyatda olan Şəxs XXX barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 04 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs XXX yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki 15 sentyabr 2024-cü il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs XXX və protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. İstinad olunan maddənin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Bakı Apellyasiya Məhkəməsinin, ərazi yurisdiksiyasına aid edilmiş Bakı şəhərinin rayon məhkəmələrinə ünvanlanmış “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə dair” 06 dekabr 2022-ci il tarixli 51/102 nömrəli metodik məktubunda qeyd edilmişdir ki, www.asanpay.az internet saytının “DYP cərimələri” bölməsində identifikasiya tipi üzrə “Protokolun nömrəsinə görə axtarış” edib inzibati xəta haqqında protokolun seriyası və nömrəsinə dair məlumat daxil etməklə inzibati xətanı törətmiş şəxs tərəfindən cərimənin və digər ödənişlərin ödənilib-ödənilməməsi barədə məlumat əldə etmək olar... Məhkəmə qeyd edir ki, Şəxs XXXnun barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaya görə 15 sentyabr 2024-cü il tarixli, EQ seriyalı, 23602208 nömrəli elektron qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi əsası ilə, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yuxarıda göstərilənlər baxımından www.asanpay.az internet saytının “DYP cərimələri” bölməsində yoxlanılarkən müəyyən edilmişdir ki, sözügedən inzibati xəta haqqında protokol (elektron qərar) mövcud deyildir. Bu isə onu göstərir ki, şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs XXXnun əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs XXXnun əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar