Məhkəmə qərarları › İş №3(007)-3395/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3395/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3395/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X1, zərərçəkmiş Zərərçəkmiş şəxs Sadiq oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1977-ci ildə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, FİN: xxxxxxx, ünvan 1i ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kirayə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 22 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. 22 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 14 iyul 2025-ci il tarixdə Zərərçəkmiş şəxs Sadiq oğluna məxsus içərisində kart və digər əşyalar olan çantasını UPD qəsəbəsi, Rəşid Bağırov küçəsində oğurlamış və bank kartından qanunsuz olaraq alış-veriş etmiş, nəticədə zərərçəkmiş şəxsə 373 manat 09 qəpik miqdarında maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs qeyd olunan inzibati xətaları törətməsi özünün izahatı ilə təsdiqini tapmışdır. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə işdən çıxıb NZS qəsəbəsindən Keşlə qəsəbəsinə gələndə yolun kənarında səkidə 01 ədəd içərisində bank kartı, şəxsiyyət vəsiqəsi, xarici pasport, evin açarları olan əl çantasını götürüb oradan uzaqlaşmış, sonra isə Keşlə qəsəbəsi, Q.B.Zakir küçəsində yerləşən OBA marketdə götürdüyü çantada olan Kapital Bank kartı ilə ümumilikdə 38 manatlıq alış veriş etmişdir. Cəmi olaraq götürdüyü çantada olan kartla 40 manat məbləğində alış-veriş etmiş, daha sonra Oba marketdən çıxıb uzaqlaşmış, əlində olan çantanı isə dəmir yolu yaxınlıqlarında yerə ataraq getmişdir. Çantanı götürərkən içərisində bank kartı, şəxsiyyət vəsiqəsi, mobil telefon və xarici pasportu aşkar etmiş, ətrafda adamların çox olması səbəbindən çantanın digər ciblərinə baxmadan atmışdır. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs Sadiq oğlu izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 22:15 radələrində kirayə yaşadığı Xətai rayonu UPD qəsəbəsi, Rəşid Bağırov küçəsində yerləşən, fərdi yaşayış evinə gələn zaman avtomobili xarab olmuş şəxsə kömək etmək üçün özünə məxsus içərisində 228 manat nağd pul, 4169 7388 3608 2499 nömrəli Kapital Bank kartı, şəxsiyyət vəsiqəsi, xarici pasport, hesabında pul olmayan Bakıkart kartı olan pul kisəsi, həmçinin iş geyimi, Honor markalı mobil telefonun adaptoru və evin açarları olan bel çantasını yolun kənarında səkinin üzərinə qoymuş, təxminən 4-5 dəqiqədən sonra səkinin üzərinə baxdıqda bel çantasının səkinin üzərində olmadığını naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra pul kisəsində olan Kapital bank kartının hesabından həmin tarixdə saat 22:36 radələrində 215 nömrəli köşkdən 3.80 qəpik və sonuncu dəfə həmin tarixdə saat 23:02 radələrində Nizami rayonu, Keşlə qəsəbəsimdə yerləşən “OBA Keşlə 1” marketdə 16 manat 62 qəpik olmaqla ümumilikdə həmin marketdən 43 manat 29 qəpik miqdarında pul vəsaitinin istifadə edildiyini aşkar etmişdir. Bundan sonra Kapital Bankla əlaqə saxlayıb Kapital bank kartını bloklamışdır. Daha sonra polisə məlumat vermiş, araşdırma zamanı oğurluğun Şəxs tərəfindən edildiyi müəyyən olunmuşdur. Həmin şəxs dəymiş ziyanı ödəmədiyinə görə şikayətçidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİnin 23-cü PB-nin təhqiqatçısı X2 18 iyul 2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Sadiq oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsə məxsus əmlakları gizli yolla oğurlamış şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti 23-cü PB-nə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 21 iyul 2025-ci il tarixli raportdan görünür ki, sözügedən materiallar üzrə oğurluq əməlini törətmiş Şəxs müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanlar ödənilməmiş və onlarla barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 21 iyul 2025-ci il tarixdə saat 18:00-da tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 02 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, iş üzrə dəymiş zərərlərin əvəzi ödənilməmişdir, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərin mülki icraat qaydasında belə tələb irəli sürmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 21 iyul 2025-ci il saat 18:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə həvalə edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüquqları zərərçəkmiş şəxsə izah edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 02 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili X5 müvafiq hesablaşma hesabı üzərindən 22 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar