Məhkəmə qərarları › İş №3(007)-3408/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3408/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3408/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənova Vəfa Oruc qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələri X1 və X2 iştirakları ilə, “X4” ictimai birliyinin barəsində Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi tərəfindən tərtib edilmiş 28 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, mühasibat uçotu subyekti olan “X4” ictimai birliyi 2023-cü il üzrə maliyyə uçotu hesabatlarını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aparıb, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməmişdir. Məhkəmənin əvvəlki iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Sevinc Məmməd qızı protokolun məzmununa uyğun izahat vermiş və inzibati xətanın törədilməsinin sübuta yetirildiyini nəzərə alaraq, “X4” ictimai birliyinin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin növbəti iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X3 göstərmişdir ki, “X4” ictimai birliyinin fəaliyyətini dayandırması barədə məlumat mövcud olsa da, birlik tərəfindən müvafiq dövr üçün hesabat təqdim olunmuşdur. İnzibati xəta haqqında protokolu müdafiə edirlər, lakin hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxırlar. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X4” ictimai birliyinin nümayəndəsi və ya vəkili məhkəmə iclaslarında iştirak etməmiş, bununla əlaqədar məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin “X4” ictimai birliyinə ünvanlanmış 17 aprel 2024-cü il tarixli 3-23/2- 2052/2024 nömrəli bildirişindən görünür ki, 2023-cü il üzrə illik maliyyə hesabatlarının Maliyyə Nazirliyinə Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı vasitəsi ilə təqdim olunması xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin “X4” ictimai birliyinə ünvanlanmış 17 may 2024-cü il tarixli 3-23/2- 2649/2024 nömrəli bildirişindən görünür ki, təşkilat 2023-cü il üzrə illik maliyyə hesabatlarının təqdim edilməməsinə görə inzibati xəta haqqında icraatın iştirakçısı qismində 2024-cü ilin 23 may-24 iyun tarixlərində saat 10:00-dan 17:00-dək qeyd olunan şöbəyə çağırılmış, nümayəndənin müvafiq sənədlərlə birlikdə iştirakı xahiş edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsindən daxil olmuş 23 sentyabr 2024-cü il tarixli 3-16- 5/2-11-7583/2024 nömrəli məktubdan görünür ki, “X4” ictimai birliyinin fəaliyyətinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müvəqqəti olaraq dayandırması barədə məlumat qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmişdir. “Elektron məhkəmə” informasiya sistemində qeydə alınmış məlumatdan görünür ki, 11 mart 2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış “X4” ictimai birliyinin fəaliyyətinin müvəqqəti dayandırılması qeydə alınmışdır. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 31.8-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını bu Qanunun 29.4-cü maddəsində müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi” Qaydaslarının 5.1-ci bəndinə əsasən qeyrihökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, aşağıdakı qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir: 5.1.1. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayış. 5.2. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, “X4” ictimai birliyinin əməlində Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, mühasibat uçotu subyekti olan “X4” ictimai birliyi 2023-cü il üzrə maliyyə uçotu hesabatlarını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aparıb, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə inzibati icraat başlanmış və barəsində ptotokol tərtib olunmaqla mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Halbuki, “X4” ictimai birliyinin fəaliyyətinin müvəqqəti olaraq dayandırması barədə məlumat qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmişdir, belə olan halda isə ictimai birliyin qeyd olunanlarla bağlı hərəkət və ya hərəkətsizliyinin inzibati məsuliyyətə səbəb olduğu və onun əməlində inzibati xəta tərkibinin olması barədə qənaətə gəlinməsi üçün hüquqi əsaslar yoxdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, “X4” ictimai birliyinin əməlində Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin ictimai birliyin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və ictimai birlik inzibati məsuliyyətdən azad olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X4” ictimai birliyinin əməlində Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və ictimai birlik inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar