Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3411/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənova Vəfa Oruc qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, “Sosial İslahatlar və Araşdırmalar” ictimai birliyinin barəsində Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi tərəfindən tərtib edilmiş 28 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən mühasibat uçotu subyekti olan “Sosial İslahatlar və Araşdırmalar” ictimai birliyi 2023-cü il üzrə maliyyə uçotu hesabatlarını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aparıb, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, xəbərdarlıq üçün məlumat göndərmişlər, lakin “Sosial İslahatlar və Araşdırmalar” ictimai birliyi 2023-cü il üzrə maliyyə uçotu hesabatlarını göndərməmişdir. Xeyli vaxt gözləmişlər, lakin hesabat göndərilməmişdir. Qeyri-hökumət təşkilatlarının hesabat təqdim etmək öhdəlikləridir, onlara bildiriş göndərməli deyillər əslində və onların məqsədləri ictimai birliyin cərimələnməsi deyil, onlar yalnız hesabatın təqdim olunmasını istəyirlər. İctimai birliklərin fəaliyyətini dayandırması vergi orqanında deyil, Ədliyyə Nazirliyində qeydə alınmalıdır. Baxılan işə münasibətdə isə belə hal yoxdur. İnzibati xətanın törədilməsinin sübuta yetirildiyini nəzərə alaraq, “Sosial İslahatlar və Araşdırmalar” ictimai birliyinin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Sosial İslahatlar və Araşdırmalar” ictimai birliyinin nümayəndəsi və ya vəkili məhkəmə iclaslarında iştirak etməmiş, bununla əlaqədar məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin “Sosial İslahatlar və Araşdırmalar” ictimai birliyinə ünvanlanmış 17 aprel 2024-cü il tarixli 3-23/2-2052/2024 nömrəli bildirişindən görünür ki, 2023-cü il üzrə illik maliyyə hesabatlarının Maliyyə Nazirliyinə Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı vasitəsi ilə təqdim olunması xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin “Sosial İslahatlar və Araşdırmalar” ictimai birliyinə ünvanlanmış 17 may 2024-cü il tarixli 3-23/2-2649/2024 nömrəli bildirişindən görünür ki, təşkilat 2023-cü il üzrə illik maliyyə hesabatlarının təqdim edilməməsinə görə inzibati xəta haqqında icraatın iştirakçısı qismində 2024-cü ilin 23 may-24 iyun tarixlərində saat 10:00-dan 17:00-dək qeyd olunan şöbəyə çağırılmış, nümayəndənin müvafiq sənədlərlə birlikdə iştirakı xahiş edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsindən daxil olmuş 18 sentyabr 2024-cü il tarixli 3- 16-5/2-11-7584/2024 nömrəli məktubdan görünür ki, “Sosial İslahatlar və Araşdırmalar” ictimai birliyi 29 dekabr 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır, həmin tarixdən hazıradək təşkilatın təsis sənədlərində edilmiş hər hansı dəyişikliyin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması, o cümlədən fəaliyyətinin dayandırılması ilə əlaqədar Ədliyyə Nazirliyinə müraciət olunmamışdır. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 31.8-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını bu Qanunun 29.4-cü maddəsində müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi” Qaydaslarının 5.1-ci bəndinə əsasən qeyrihökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, aşağıdakı qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir: 5.1.1. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayış. 5.2. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, “Sosial İslahatlar və Araşdırmalar” ictimai birliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla ictimai birliyin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, “Sosial İslahatlar və Araşdırmalar” ictimai birliyi həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Sosial İslahatlar və Araşdırmalar” ictimai birliyinin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs “Sosial İslahatlar və Araşdırmalar” ictimai birliyinin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Sosial İslahatlar və Araşdırmalar” ictimai birliyi Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3411/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3411/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver