Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3413/2023 04.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 01 iyun 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs MMC 85842.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 21 may 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 22 may 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, Şəxs MMC-nin 85842 ABŞ dolları məbləğində vəsaiti xaricə köçürməsinə və qanunla müəyyən olunmuş 2 il müddət ərzində sözügedən vəsait hesabına alınan malları ölkəyə idxal etməməsinə və ya köçürülmüş vəsaiti geri qaytarmamasına və bununla da Cəmiyyətin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 01 iyun 2023-cü il tarixli ER ******* saylı inzibati xəta haqqında protokola müvafiq qaydada baxılması üçün məhkəməyə göndərilmişdir. Aşağıda qeyd etdiyi və iş üzrə olduqca mötəbər sayılacaq faktlara əsasən hesab edir ki, Mərkəzi Bank tərəfindən Cəmiyyət barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edilmişdir, bu səbəbdən Cəmiyyət barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.1-ci maddəsinin tələbinə əsasən xitam verilməlidir. Belə ki, Cəmiyyət ərzaq və qeyri-ərzaq məhsulların istehsalı, idxalı, ixracı, topdan və pərakəndə satışı istiqamətində bir sıra xarici hüquqi və fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə kommersiya fəaliyyətini həyata keçirməkdədir. Qeyd olunan bu kommersiya fəaliyyətinə müvafiq olaraq Türkiyə Respublikasının İstanbul şəhərində fəaliyyət göstərən "xxxx" Şirkəti (Satıcı) ilə Cəmiyyət arasında 05 may 2021-ci il tarixində 01 nömrəli satış müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən Satıcı tərəfindən Cəmiyyətə göndəriləcək malların kəmiyyəti, növü, çatdırılma qiyməti və bu mallara görə Cəmiyyət tərəfindən Satıcıya ödəniləcək vəsaitin ödənilmə müddəti müqavilənin ayrılmaz tərklb hissəsi olan Proforma İnvoys sənədində razılaşdırılacaqdır. Vəsatətə əlavə olunmuş 17 may 2021-ci il tarixli, T/009-MED-VYS saylı Proforma İnvoys sənədinə əsasən 1 tonunun qiyməti 427,50 ABŞ dolları olmaqla, ümumi dəyəri 858,420 ABŞ dolları dəyərində olan 2008 ton şəkər tozunun Satıcı tərəfindən Cəmiyyətə göndərilməsi və Cəmiyyət tərəfindən ödənilməli olan ümumi məbləğin 10%-i (85.842 ABŞ dolları) miqdarında vəsaitin müqavilənin imzalanması tarixindən etibarən 5 iş günü ərzində Satıcıya ödənilməsi razılaşdırılmışdır. Yuxarıda qeyd olunan müqavilə üzrə öhdəliyinin icrası ilə əlaqədar olaraq 21 may 2021-ci il tarixdə Cəmiyyət tərəfindən Satıcıya məxsus bank hesabına alınacaq malın ümumi deyərinin 10%-i həcmində, yəni 85842 ABŞ dolları məbləğində vəsaitin ödənişi həyata keçirilmişdir. Bununla bağlı müvafiq təsdiqedici sənəd (swift) vəsatətə əlavə edilmişdir. Lakin sonradan satıcı üzləşmiş olduğu bir sıra çətinliklərlə əlaqədar olaraq müqavilə üzrə öhdəliyini icra edə bilməyəcəyini, yəni razılaşdırılmış mal partiyasını göndərə bilməyəcəyini bildirmiş, bununla da Cəmiyyət tərəfindən Satıcıya ödənilmiş 85842 ABŞ dolları məbləğində vəsaitin geri qaytarılacağına dair tərəflər arasında razılıq əldə olunmuşdur. Bundan sonra Cəmiyyət 23 iyul 2021-ci il tarixli 01 nömrəli Proforma İnvoys sənədini Satıcıya təqdim edərək 21 may 2021-ci il tarixdə Satıcının bank hesabına köçürülmüş 85842 ABŞ dolları məbləğində vəsaitin geri qaytarılmasını tələb etmişdir. Vəsatətə əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş bank çıxarışından da göründüyü kimi müqavilə üzrə öhdəliyinin icrası məqsədi ilə 21 may 2021-ci il tarixdə Cəmiyyət tərəfindən Satıcıya məxsus bank hesabına köçürülmüş vəsait Satıcı tərəfindən Cəmiyyətə məxsus bank hesabına geri qaytarılmişdir. Bu köçürmə əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar olaraq 31,81 ABŞ dolları məbləğində vəsait müvafiq bank tərəfindən xidmət haqqı (komissiya) olaraq tutulmuş, nəticədə 85810,19 ABŞ dolları məbləğində vəsaitin geri qaytarılması təmin edilmişdir. Həmin çıxarışın “description” başlıqlı 3-cü sütununun 2-ci sətrinə nəzər saldıqda sözügedən vəsaitin Cəmiyyət tərəfindən Satıcıya təqdim olunmuş və yuxarıda qeyd olunan 23 iyul 2021-ci il tarixli 01 nömrəli Proforma İnvoys sənədi əsasında Cəmiyyətin hesabına köçürülməsi öz təsdiqini tapmaqdadır. Əlavə olaraq bildirir ki, yuxarıda qeyd olunan 31,81 ABŞ dolları məbləğində bank xidmət haqqının tutulmasını təsdiq edən müvafiq “swift” sənədi vəsatətə əlavə edilmişdir. Həmin sənədin 71F saylı sətrində sözügedən xidmət haqqı üzrə tutulmalar öz əksini tapmaqdadır. Mərkəzi Bankın 28 noyabr 2010-cu il tarixli 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü maddəsinin tələbinə əsasən malların qabaqcadan ödəniş müqabilində alınması halında qabaqcadan ödənişin həyata keçirildiyi tarixdən etibarən 2 il ərzində alınması nəzərdə tutulmuş mallar idxal edilməli, bu olmadıqda isə malların alınması ilə əlaqədar qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Göründüyü kimi, Cəmiyyət sözügedən kommersiya fəaliyyətini qanunvericiliyin müvafiq qayda və tələblərinə tam uyğun olaraq həyata keçirmiş, sözügedən vəsaitin xaricə köçürülməsindən sonra 2 ay ərzində geri qaytarılmasını təmin etməklə heç bir hüquqazidd və inzibati xəta tərkibi yaradan əmələ yol verməmişdir. Hazırkı iş üzrə sözügedən vəsaitin Cəmiyyət tərəfindən qanunla müəyyən olunmuş müddət ərzində geri qaytarılmasını və bununla da heç bir inzibati xəta hadisəsinin olmamasını nəzərə alaraq, Cəmiyyət barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 yazılı etirazın dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən “Bank VTB (Azərbaycan)” ASC vasitəsi ilə 21 may 2021-ci il tarixdə 85842.00 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı köçürülmənin aparıldığı tarixdən 2 il daxilində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını, habelə idxal olunan xidmətlərin göstərilməsinin və ya qabaqcadan ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlərin müvəkkil banka təqdim edilməməsi, bununla da, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın müvafiq tələblərinin pozulması əsası ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin maddənin tələbinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Halbuki, Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC 85842.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 21 may 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən, ödəniş aparıldıqdan sonra qanunla müəyyən edilmiş müddət daxilində, 23 iyul 2021-ci il tarixdə həmin pul vəsaiti MMC-nin əməkdaşlıq etdiyi "xxxx" ASC vasitəsi ilə geri qaytarılmış və bank hesabına daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, baxılan işə münasibətdə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmədiyindən, inzibati xəta hadisəsi müəyyən edilmədiyindən, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmədiyindən, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3413/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3413/2023
04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver