Məhkəmə qərarları › İş №3(007)-3420/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3420/2020

18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3420/2020 18.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 24A, mənzil 23-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsindən daxil olmuş xx xxxxxx 2020ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, borclu Şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixdə verilmiş xx xxxxxxx 2020-ci il tarixli 2(007)-2598/2020 nömrəli icra sənədi üzrə 1000 manat məbləğində pul vəsaitini tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş, sualları cavablandırarkən göstərmişdir ki, icra sənədi icraatına xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək bildirişlə birlikdə borclu Şəxs göndərmişdir. xx xxxxxx 2020-ci il tarixdə borcludan izahat almışdır. İcraata başlamaq haqqında qərarla borcluya könüllü icra üçün 10 gün müddət təyin edilmiş, lakin müddətin tamamında borclu icra sənədinin icrasını təmin etməmişdir. Bu halda məcburi icra tədbirləri görülməmiş, tələbkarın şikayətinə əsasən borclunun barəsində inzibati protokol tərtib etmişdir. Məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o, məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayətini hələ ki, təqdim edə bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə icra məmuruna verdiyi izahatında bu barədə bildirmişdir. Özü işləmir, iki azyaşlı uşağı var, borcunu anasının pensiyasından hissə-hissə ödəyə bilər. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, borclu Şəxs məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli icra sənədi üzə borc məbləğini ona ödəməkdən qəsdən yayınır, müxtəlif bəhanələr gətirərək hissə-hissə ödəmək istəyir. O isə, borc məbləğinin tam şəkildə ödənilməsini tələb edir. Məhkəmədən Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs barəsindəki icra sənədinin verilməsinə əsas olmuş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(007)-2598/2020 nömrəli qətnaməsi xx xxxxxx 2020-ci il tarixdə icraya yönəldilmiş, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsində icra sənədi üzrə icraata başlanılmış, bu barədə qərar tələbin könüllü icrası barədə bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. xx xxxxxx 2020ci il tarixdə borcludan icra sənədinə münasibətinə dair izahatı alınmış, hazırkı işə dair inzibati xəta haqqında protokol isə xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər; 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İcra haqqında qanunvericiliyin istinad olunan normaları ilə icra məmurunun icra sənədini aldığı vaxtdan sonra hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyən etmişdir və bura, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçdiyi halında məcburi icra tədbirlərinin tətbiqi də daxildir. Hazırda baxılan işin materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə icraatına başlanılmış icra sənədi üzrə borclu Şəxs icranı könüllü təmin etməsi üçün 10 gün müddət təyin edilmiş, icra könüllü təmin edilmədikdə, borclu barəsində məcburi icra tədbirlərinin görülməsi, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakının siyahıya alınması və həmin əmlak üzərinə həbs qoyulması qərara alınmışdır. xx xxxxxx 2020-ci il tarixdə borclunun izahatı alınmış, borclu həmin izahatında borcunu hissə-hissə ödəmək niyyətində olduğunu göstərmişdir. Könüllü icra üçün verilmiş 10 gün müddət tamam olduqdan sonra, xx xxxxxx 2020-ci il tarixdə borlcudan təkrar izahat alınmış, o, həmin izahatında göstərmişdir ki, “məhkəmənin qərarına hörmətlə yanaşır və onu icra etməkdən yayınmır. İcra sənədi icra şöbəsinə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuşdur, icra məmuru onu dəvət edərək borcu tam şəkildə tələb etmişdir. Lakin onun məhkəmə qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək hüququ vardır, hazırda pandemiya dövrü yaşandığına görə vəkillə əlaqə saxlamaq çətinləşmişdir”. İcra məmuru tərəfindən isə könüllü icra üçün borcluya verilmiş müddət keçdikdən sonra, qanunla müəyyən edilmiş məcburi icra tədbirlərinin tətbiqi məsələsi müzakirə edilib qərar qəbul edilmədən və icrası təmin edilmədən borclunun barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati icraat başlanılmışdır. Tərtib olunmuş inziabti xəta haqqında protokolda isə xətanın mahiyyəti düzgün göstərilməmişdir. Məhkəmədə işə baxılarkən icra məmuru qeyd edilənlərə dair hüquqi əsaslandırma, o cümlədən borclunun icra sənədinin icrası ilə əlaqədar onun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməməsi və icra etməməsinin üzrsüz səbəbləri barədə sübutlarını təqdim edə bilməmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir, həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinin tələbinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, həmin maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə hesab edir ki, hazırda baxılan iş üzrə borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tövsifedici əlamətləri olaraq icra məmurunun qanuni tələblərinin qərəzli olaraq yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı mövcud deyildir. Belə mövcudiyyət olmadığı halda isə, borclunun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi də yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda müəyyən edilən əsaslarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə vəkilə dövlət büdcəsi hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar