Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3423/2023 10.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, inzibati təbeh vermə haqqında qərardan şikayət verən şəxs- X1, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X3 iştirakı ilə, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi S.F.Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi S.F.Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Nizami rayonu ərazisində yerləşən kafelərin birində pivə içmək qərarına gəlmişdir. Pivəni süzüb gətirən xanıma sakit tərzdə pivənin çox köpüklü olduğunu bildirmiş və köpüyü götürməsini xahiş etmişdir. Ofisiant xanım isə ona əsəbi cavab verərək pivə belə olur, belə süzülür demişdir. Pivəni aparıb köpüyünü boşaldıb gətirən zaman telefonuna zəng gəlmiş və məcbur çölə çıxıb danışmalı olmuşdur. Çöldə telefonla danışarkən ofisiant xanım yanına gəlmiş və pivəni süzdüyünü demişdir. O, danışıb qurtarandan sonra gələcəyini bildirmiş, ofisiant xanım isə ona içəridə danışmasını bildirmişdir. İçərinin uyğun olmadığını, avtomobilinin burda olduğunu və kameranın olduğunu desə də ofisiant xanım inad edərək sanki onu mübahisəyə təhrik etmişdir. O, növbəti dəfə “gəlirəm get” deyəndə onu təhqir etmişdir. O, da səbrini cilovlaya bilməyib qarşılıq vermişdir. Təkrar olaraq yenə mübahisə yaranmışdır. Bu vaxt polis əməkdaşları hardansa çıxmış və onu bölməyə dəvət etmişlər. Ofisiant xanım ondan izahat yazmış, min söz demişdir. O, hadisənin necə olduğunu danışsa da dinləyən olmamışdır. O, içkili olmamış, durduq yerdə kiməsə söz deməmişdir. Videokameraya baxmalarını bildirsə də nəticə olmamışdır. Əksinə bildirmişlər ki, gedib ordakı digər qızları da üzünə durquzacaqlar ki, guya içib dava salmış, qışqırmış, təhqir etmişdir. Bu əsnada 2 polis əməkdaşı biri qolundan tutmuş, digəri onu yumruqla vurmuş, söyüş söymüşlər. Günahsız olduğunu, canının ağrıdığını, hətta qazi olduğunu desə də onu yenə vurmuşlar. Qanunsuz olaraq onu səhərə kimi saxlamışlar. Bundan sonra sahə rəisi onun barəsində protokol tərtib etmişdir. O, bundan sonra 102 xidmətinə məlumat verərək 24-cü PŞ-də döyüldüyünü, qanunsuz protokol yazıldığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə 24-cü PŞnə yaxınlaşıb qərarı almışdır. Sahə rəisinin qərarı qanunsuzdur. Birinci ona görə ki, 1 bakal pivəyə görə onu təhqir edən ofisiant xanıma heç kim heç nə deməmiş, heç bir protokol yazılmamış, əksinə o, təhqir olunub döyülmüşdür. İkinci ona görə ki, ərazidə kamera var və hadisə ilə bağlı kamera görüntülərinə baxılmamışdır. Sanki qurma bir oyun imiş və o, tələyə düşmüşdür. Görünən odur ki, polis öz səlahiyyətindən istifadə edərək, güc tətbiq edərək öz istədiyini qanunsuz şəkildə reallaşdırmışdır. Qarabağ qazisi olmaqla daxili orqanları sıradan çıxıb, əsəbləri pozulub, dərmanlarla yaşayır. Göründüyü kimi iş üzrə kifayət qədər sübutlar olmasına baxmayaraq sahə rəisi hansısa maraq müqabilində əsassız bir qərar qəbul etmiş, sadəcə ofisiant xanımın maraqlarına cavab verən bir qərar çıxarmışdır. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət verən X4 şikayətin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi S.F.Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X5 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində xidmətdə olmuş və əməliyyat qrupunun rəhbəri olmuşdur. Hadisənin olduğu kafe 24-cü PŞ-nin yaxınlığında yerləşir. Səs-küy olan zaman polis əməkdaşları qərardan şikayət verən şəxsə yaxınlaşaraq onu şöbəyə dəvət etmişlər. Bundan sonra həmin kafedə işləyən ofisiant xanım da dəvət edilmiş və onun da izahatı alınmışdır. Ofisiant xanım həmin şəxsin pivə sifariş verdiyini, pivədən içilmədiyini, şəxsə zəng gəldiyini və danışmaq üçün kafedən çıxdığını demişdir. Pivə süzüldüyü üçün o, pivənin pulunun onun maaşından tutulacağını düşünmüş və X1 ardınca getmişdir. X4 telefonla danışa-danışa avtomobilinə əyləşmiş və avtomobili işə salmışdır. Ofisiant xanım ona yaxınlaşmış və pivənin pulunu verməsini istəmişdir. Bundan sonra mübahisələri düşmüşdür. X4 ictimai qaydanı pozaraq uca səslə təhqiredici ifadələr işlətmişdir. Şöbədə də X.Quliyev polislərlə mübahisə etmiş, üstündə nə varsa təqdim etməsi bildirildikdə əynindəki bütün paltarları soyunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi E.S.İslamov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi S.F.Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. - Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 5-ci PB-nün polis nəfəri İlyas Aşurov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, X7 R.Rüstəmov küçəsində xidmətdən sonra piyada hərəkət edən zaman bir nəfər şəxsin “Mağrub” çay evinin qarşısında təhqiramiz, nalayiq ifadələr işlətdiyini görüb həmin şəxsə yaxınlaşmış, özünü təqdim edib 24-cü PŞ-nə dəvət etmişdir. Şöbədə məlum olmuşdur ki, həmin şəxs xx.xx.1989-cu il təvəllüdlü X2r. Həmin şəxsin barəsində qanuna uyğun tədbir görülməsinə göstəriş verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami RPİnin 24-cü PŞ-nin rəisi S.F.Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi S.F.Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3423/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3423/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver